NASA cırtdan planet Plutonun və onun ətrafında fırlanan peyki Xaronun yüksək görüntü keyfiyyətinə malik yeni videosunu yayıb. İKT.lent.az-ın xəbərinə görə, video kosmik agentliyin saytında yerləşdirilib.
Görüntü “New Horizons” avtomatik planetlərarası stansiyasının “Long Range Reconnaissance İmager” aləti tərəfindən bu il mayın 29-dan iyunun 15-nə qədər apardığı çəkilişlərdən düzəldilib. Bu müddətdə stansiya ilə Pluton arasında məsafə 55 milyon km-dən 30 milyon km-ə qədər azalıb.Görüntüdə Xaronun qütblərindən birində təbiəti alimlərə hələ bəlli olmayan qaranlıq sahə nəzər çarpır. İyulun 14-də “New Horizons” Plutona minimal məsafəyə qədər (12,5 min km) yaxınlaşanda alimlər bu fəza cisimlərinin qeyri-adi landşaftını tədqiq edəcəklər.
Hazırda “New Horizons” yerdən 4,7 milyard km, Plutondan isə 25 milyon km uzaqdadır. NASA bildirir ki, aparat yaxşı vəziyyətdədir və adi rejimdə çalışır. Stansiya 2006-cı il yanvarın 19-da kosmosa buraxılıb. Layihənin reallaşmasına 600 milyon dollardan çox pul xərclənib. Pluton-Xaron sisteminin tədqiqatından sonra NASA mütəxəssisləri stansiyadan Günəş sisteminin Koyper qurşağının öyrənilməsində istifadə edəcəklər. “New Horizons”un missiyasının 2020-ci ilin ortalarında başa çatacağı gözlənilir.