Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-in ilə görüşüb.
QAZİLƏR saytı xəbər verir ki, AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, o, qonağı salamlayaraq iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və dostluq münasibətlərindən danışıb.Azərbaycanda elm və təhsilin inteqrasiyası, eləcə də AMEA-da magistratura təhsilinin təşkili və elmi-innovativ layihələr haqqında məlumat verən akademik Akif Əlizadə bu istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib. AMEA rəhbəri səfiri akademiyanın bu ilin noyabr ayında keçiriləcək yubiley tədbirlərinə də dəvət edib.
Səfir Çoi Suk-in isə öz növbəsində Koreya Respublikasının elm və təhsilin inkişafında qazandığı uğurlar, həmçinin təcrübələri haqqında məlumat verib, eləcə də Seul-Bakı Mədəniyyət Mübadiləsi Assosiyasiyası tərəfindən maliyyələşdirilən Qəbələ arxeoloji tədqiqatlarında koreyalı alimlərin iştirakından danışıb.
Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi tədqiqatların təkmilləşdirilməsi istiqamətində mövcud imkanlar, eləcə də yaxın zamanda “Koreya-Azırbaycan Dostluq Parkı”nın yaradılması müzakirə edilib. Görüşdə gələcəkdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsini nəzərdə tutan sazişin imzalanması haqqında da razılıq əldə olunub.
Sonra qonaqla AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun video-konfrans zalında görüş keçirilib. Görüşdə Azərbaycan-Cənubi Koreya ədəbi əlaqələrinin öyrənilməsi və tərcümə işlərinin təşkili məqsədi ilə mərkəzin yaradılması məsələsi də müzakirə olunub.