Hikmət Sabiroğlunun cəriməsi ləğv olunub

Hikmət Sabiroğlunun cəriməsi ləğv olunub backend

Jurnalist Hikmət Sabiroğlu açıqlama yayıb.

Qazilər.az-ın məlumatına görə, jurnalistin açıqlamasında deyilir:

“Bu il aprelin 2-də işdən çıxıb evə qayıdarkən metronun “İnşaatçılar” stansiyasının yaxınlığında xidmət aparan polis zabiti məni saxlayıb şəxsiyyət vəsiqəmi tələb etdi. Vəsiqəni verdim, həmçinin xidməti vəsiqəmi göstərərək jurnalist, Novator.az saytının baş redaktor müavini olduğumu, işdən gəldiyimi dedim.

Zabit maskasız və əlcəksiz olmağıma irad tutaraq mənə 100 manat məbləğində cərimə yazacağını bildirdi. Etiraz etdim, karantin qaydalarında maska və əlcək taxmaq tələbi nəzərdə tutulmadığını dedim. Amma etiraz qəbul olunmadı. Polis zabiti inzibati xəta haqqında protokol yazdı. Protokolda məhz maskasız və əlcəksiz olduğuma görə cərimələndiyim qeyd edildi.

Elə həmin gün Daxili İşlər Nazirliyinin mətbuat xidməti, aprelin 3-də isə Mətbuat Şurası ilə Daxili İşlər Nazirliyinin birgə monitorinq qrupu bu əsassız cərimə haqda bilgiləndirildi. Bu anlaşılmazlığın tezliklə yoluna qoyulacağına ümid etdik. Lakin üstündən üç aydan çox keçsə də, cərimə qüvvədə qalırdı.

İyulun 8-də Novator.az saytının baş redaktoru Azər Qaraçənli Daxili İşlər Nazirliyinə bu məsələ ilə bağlı rəsmi müraciət edib. Nazirliyin “Facebook” səhifəsi vasitəsilə edilən müraciətdə qeyd olunub ki, aprel ayının 2-də Azərbaycan ərazisində maska və əlcək taxmamağa görə hər hansı cərimə nəzərdə tutulmayıb, sonradan bəzi məkanlarda maska taxmamağa görə cərimələrin tətbiqinə başlanıb, əlcəklə bağlı isə nə onda cərimə olub, nə də indi var. Bunları əsas gətirən Azər Qaraçənli mənim cəriməmin ləğvini xahiş edib.

İyulun 9-da Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Ehsan Zahidov mənə zəng vuraraq rəhbərliyin Azər Qarəçənlinin müraciətinə baxdığını, cərimə protokolunun, qərarının ləğv edildiyini bildirdi. Təşəkkür etdim, “sağ olun” dedim. Sağ olsunlar. Bu məsələyə görə narahatlıq keçirən, dəstək olan hər kəsə də təşəkkür edirəm”.