Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, Qarabağ müharibəsi veteranı, polis mayoru Zöhrab Alıyev vəfat edib.
“Report” xəbər verir ki, o, koronavirusa yoluxduğuna görə ötən gün Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.53 yaşlı Z.Alıyev bu gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, Alıyev Zöhrab İbrahim oğlu 1967-ci ilin mayın 22-də Laçın rayonunun Mişni kəndində anadan olub. 1973-1982-ci illərdə Mişni kənd orta məktəbində, sonra isə Bakı şəhərində yerləşən Texniki Peşə məktəbində qaynaqçı- quraşdırmaçı ixtisası üzrə təhsil alıb.
1983-1985 ci illərdə müxtəlif rayonlarda həmin ixtisas üzrə iş fəaliyyətini davam etdirib. 1985-1987-ci illərdə Qazaxıstan SSR-də hərbi xidmətdə olub.
1988-1989 cu illərdə Rusiya Federasiyasına gedərək fərdi əməklə məşğul olub. 1989 cu ildə Laçın rayonuna qayıdaraq Keşlə Maşınqayırma zavodunun Laçın rayon filialında öz ixtisası üzrə fəaliyyətə başlayıb və 1992-ci il aprel ayına qədər həmin filialda çalışıb.
1992-ci il 10 iyunda könüllü olaraq Azərbaycan Milli Ordusunun 713-saylı batalyonunda hərbi xidmətə başlayıb. Laçın rayonunun işğaldan azad edilməsi istiqamətində aparılan döyüşlərdə iştirak edib. 19 oktyabr 1992-ci ildə Hoçaz dağı uğrunda gedən döyüşlərdə yaralanıb, 12 dekabra qədər hərbi hosbitalda müalicə olunub. 15 dekabr 1992-ci ildən Laçın rayon Polis batalyonunda hərbi xidmətini davam etdirib. 1993-cü ildə Laçın RPŞ-nin şəxsi heyəti döyüş fəaliyyətini Füzuli ərazisində davam etdirib. Z.Alıyev döyüşlərdə xüsusi igidlik göstərib.
Prezident Heydər Əliyevin 1993-cü il dekabrın 18-də imzaladığı fərmanla "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Z.Alıyev 1994-1999 cu illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında hüquqşünas ixtisası üzrə təhsil alıb. Laçın Rayon Polis Şöbəsinin əməkdaşı idi.
Ailəlidir, iki qızı, bir oğlu var.
Allah rəhmət eləsin!