"Mənə elə gəlir, bu qaydaları başqa cür də tənzimləmək olar".
Qazilər.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Aygün Səmədzadə deyib.Bəstəkar insanların evdə oturmasına da şərait yaradılmasının vacibliyini vurğulayıb:
“Düşünürəm ki, hər bir kəs pandemiyadan özünü qorumaqla bütün insanları qorumağa doğru bir addım atır. Çünki bir insanın virusa yoluxması neçə-neçə insanın yoluxması deməkdir və bunun qarşısını almaq üçün insanlar özlərini qorumalıdırlar. Təbii ki, yay fəslidir, havalar istidir, evdə qalmaqdan yorulmuşuq, amma bu bəlanın tezliklə bitməsini istəyirik. Görürsünüz ki, bu təkcə bizim ölkəyə aid deyil, bütün dünya bu bəlaya düçar olub. Qaydalara nə qədər riayət olunsa, nəticə o qədər qənaətbəxş olar. Hər bir kəsin də öz problemi var, onların əksəriyyətinin küçəyə niyə çıxdığını bilmirik. Hər halda hamı əylənmək üçün küçəyə çıxmır. Mən heç vaxt qaydaları pozmuram və ona görə də fikirləşmirəm ki, nə vaxtsa buna görə cərimə oluna bilərəm. Amma hər halda cərimələrin artırılması insanları daha da məsuliyyətli etmək üçündür. Düşünürəm ki, bununla nəsə dəyişə bilər. Mənə elə gəlir ki, insanların evdə oturmasına da şərait yaratmaq lazımdır. “Evdə qal!”, “Özünü qoru!”, kimi çağırışlar etmək çox gözəldir, amma elə insan var ki, balkonsuz birotaqlı evdə yaşayır, o, necə yaşamalıdır, adicə hava almaq üçün heç olmasa küçəyə çıxmalıdır. Mənə elə gəlir bu qaydaları başqa cür də tənzimləmək olar. Böyük ticarət mərkəzlərini, insanların toplaşdığı yerləri açmasalar, o yerlərə qadağalar qoyulsa, insanlarımız sosial məsafəni mütləq şəkildə gözləsələr, onda bəlkə müəyyən irəliləyişlər olar. Dövlət tərəfindən bu qaydalar tətbiq edilibsə, hamısı insanların sağlamlığının naminə edilib. Çünki virusa yoluxmağın özü elə ağır bir nəticə deməkdir. Məni verilişlərə də dəvət edirlər, amma qorxumdan heç yerə getmirəm, çünki tanıdığım insanların içində virusa yoluxanlar var”.