Xəbər verdiyimiz kimi 30 iyun 2004-cü ildən 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günü qeyri-formal olaraq “Sevgililər Günü” kimi qeyd olunur. Amma bizlər hələ də 14 fevraldan 30 iyuna tam olaraq keçid edə bilməmişik.
Moderator.az-a açıqlamasında yazıçı, əməkdar jurnalist İradə Tuncay bizim sevgi dastanlarımızın hamısının faciəvi sonluqla bitdiyini bildirdi:“Əvvəldən fikir versək, görərik ki, bizim sevgi dastanlarımızın hamısı faciəylə bitir. Ümumiyyətlə, bizim sevgiylə bağlı hərəkətimiz sanki bədbəxt gün sayılır. Bu günü də iyirmi birinci əsrin başlanğıcında sevgi günü elan etmək nə dərəcədə düzgündür, bilmirəm. Yəni bədbəxt bir hadisəylə bağlıdır. Sevgi dastanlarımızın hamısında yanırlar, itirlər, ölürlər. Bəlkə çıxaq bu bədbəxlik sindromundan? İnsanın sevgi günü müəyyən bir gün deyil axı, nə vaxt sevirsənsə, o gün sevgi bayramındır. Mən 14 fevralın da əleyhinəyəm. Kim necə istəyirsə, bu günü elə də keçirəcək. Bu gün 30 iyunu da kim istəyirsə, qeyd edir, heç kimə məhdudiyyət qoyulmayıb”.