Azərbaycan Moskvada keçirilən paradda NATO standartlı silah və təchizatda keçən yeganə ölkə olub – ARAŞDIRMA

Azərbaycan Moskvada keçirilən paradda NATO standartlı silah və təchizatda keçən yeganə ölkə olub – ARAŞDIRMA backend

İyunun 24-də Moskva şəhərində keçirilən hərbi paradda iştirak etmiş Azərbaycan hərbçilərinin geyim və təchizatı maraq doğurub.

“AzeriDefence”nin məlumatına görə, paradda Azərbaycan Ordusunun 75 nəfərdən ibarət bölməsi keçid edib.

Hərbi paradlar dövlətin hansısa bayram mərasimi, güc nümayişi deyil, həm də mesajların verildiyi bir platformadır. Azərbaycan da son illər Pakistan, Belarus, bu gün Rusiyada iştirak etdiyi hərbi paradlarda dünyaya öz mesajını verir.

Paradda Azərbaycan hərbçilərinin NATO ordularının təchizatında və milli silahlarla təmsil olunması başda Rusiya olmaqla, bəzi iştirakçı ölkələrin hərbçilərində həm də qısqanclıqla qarşılanıb. Sosial şəbəkələrdə aktiv olan bəzi ruslar Azərbaycan hərbçilərinin “nədən “Kalaşnikov” avtomatı ilə parada gəlmədikləri”, hamının ənənəvi sovet, rus silahı ilə qatıldığı paradda NATO silahının “yaxşı görünmədiyi”, “paradın görünüşünü pozduğu” kimi eyhamlar vurmağa başlayıblar.

Paradda iştirak edən hərbçilərimiz də bu kimi fikirləri parada hazırlıq müddətində eşitdiklərini deyiblər. Lakin ermənilərin və onların tərəfdarlarının psixoloji təzyiqlərinə baxmayaraq, hərbçilərimiz nümunəvi keçid edərək, yüksək psixoloji və sıra hazırlığına sahib olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Azərbaycan paradda NATO standartlı silahlarla keçid edən yeganə ölkə olub. Heyətin hər bir hərbi qulluqçusu holoqrafik nişangahla dəstləşdirilmiş, yerli istehsal olan 7.62×39 mm çaplı “Aztex” avtomatı, Müdafiə Sənayesi Nazirliyinin Türkiyə şirkəti ilə birgə istehsal etdiyi 9×19 mm çaplı “Zəfər” markalı tapança və xüsusi taktik bıçaqla silahlanıb.

Qərb ölkələrinin ordularında qəbul edilmiş “multikam” kamuflyajlı Azərbaycan sülhməramlı taborunun hərbçilərinin parad təchizatında modul zirehli gödəkcə, manqa içi danışıq üçün nəzərdə tutulan, Türkiyənin ASELSAN şirkətinin istehsalı olan radiostansiya, dəbilqə ilə birləşdirilmiş qulaqcıq, tibbi yardım çantası yer alıb.

İştirakçılardan yalnız Çin Xalq Respublikasının hərbi qulluqçuları yerli istehsal olan avtomatla silahlanıb. Digər ölkələrin hərbçiləri isə ya simvolik olaraq II Dünya Müharibəsi dövrünə aid köhnə karabinlər, ya da Rusiya istehsalı olan AK-74M tipli avtomatlarla, Rusiyanın xüsusi təyinatlıları isə yeni AK-12 avtomatı ilə keçid ediblər.

Hərbi paradda iştirak üçün antihitler koalisiyasının üzvləri, hazırda NATO-da təmsil olunan Fransa, Böyük Britaniya, ABŞ, habelə Polşa, Cənubi-Şərqi Avropanın bəzi dövlətləri dəvət olunsalar da məlum COVİD-19 pandemiyası ilə əlaqədar qatılmayıblar.
Diaspora