Mövsüm meyvələri niyə ucuzlaşmır?

Mövsüm meyvələri niyə ucuzlaşmır? backend

Artıq yay fəslinin ilk ayı geridə qalmaq üzrədir. Lakin hələ də mövsüm meyvələri olan gilas, alça, ərik və çiyələyin qiyməti “əl yandırır”. Bazarlar meyvə ilə dolub-daşsa da, alıcılar bundan nəsibini ala bilmir. Səbəb isə odur ki, əksər meyvələr hələ də nübar qiymətindən aşağı enməyib.

Paytaxt bazarlarında gilasın 1 kiloqramının qiyməti 3-5 manat arasında dəyişir. Çiyələyin qiyməti 2.5 manatdan 4 manata qədər qalxır. Ərik isə bazara çıxdığı gündən 4-5 manatdan aşağı enməyib. Alçanın kiloqramı isə keyfiyyətindən asılı olaraq 2-5 manat arasında dəyişir. Çiyələk 2.5-3 manata təklif olunur. Bostan məhsullarına gəlincə, qarpızın kiloqramı 50-70 qəpik, yemişin kiloqramı isə 80 qəpikdir. Tərəvəzlərdən pomidoru 80 qəpik-1 manata, xiyarı 70-80 qəpiyə, kartofu 50-70 qəpiyə, soğanı isə 30 qəpiyə almaq mümkündür.

Qeyd edək ki, qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə dəfələrlə bahadır. Bazarda daha ucuz məhsullara da rast gəlinir, lakin həmin məhsullar süfrəyə qoyula bilməyəcək qədər keyfiyyətsizdir. Bundan əlavə mövsüm meyvələri arasında kütləvi şəkildə GMO məhsullarına rast gəlinir.

Sözügedən problemə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, meyvə-tərəvəzin həm keyfiyyəti, həm də qiyməti arzuolunmaz həddədir: “Azad İstehlakçılar Birliyinə hər gün ən azı 6-7 müraciət daxil olur ki, bazarlarda mövsümi meyvə - tərəvəzlərin həm qiyməti, həm də keyfiyyəti arzuolunmaz vəziyyətdədir. Bizim apardığımız monitorinqlər də göstərir ki, ildən-ilə mövsüm məhsullarının bahalaşması prosesi gedir. Bu heç də kənd təsərrüfatı məhsullarına tələbatın artması ilə bağlı deyil. Sadəcə olaraq əhali kütləvi şəkildə bölgələrdən Bakıya axın edir və həmin insanlar avtomatik olaraq məhsul istehsalından imtina etmiş olurlar. Onlar bazarda istehsalçıdan istehlakçıya çevrilirlər. Bəziləri isə sadəcə olaraq heyvandarlığa doğru gedirlər ki, bu da ətin qiymətinin düşməsinə gətirib çıxarır. Əkin işlərinin azalması torpaqların şoranlaşmasına səbəb olur. Ölkədə kənd təsərrüfatı siyasəti həddindən artıq zəif qurulub. Nəticədə ildən-ilə kənd təsərrüfatı məhsullarında bahalaşma gedir, belə də davam edəcək”.

Ekspertin sözlərinə görə, keyfiyyətlə bağlı vəziyyət daha acınacaqlıdır: “Bazarlarda GMO məhsulları artıb. Hazırda erkən qarpız satışa çıxarılıb, qiyməti 40-80 qəpik arasında dəyişir. Bu qarpızlar ənənəvi qarpız növləri deyil, qətiyyən yerli qarpız növlərinə bənzəmir. Bu qarpızların içindəki tumlar həddindən artıq kiçikdir və həmin tumlardan növbəti il məhsul əldə etmək mümkün deyil. Deməli bu məhsullar geni modifikasiya olunmuş məhsullardır və bazarlarda baş alıb gedir. Buna nəzarət edən heç bir mexanizm yoxdur. Kim necə gəldi əkib becərir və bu məhsulları bazara çıxarır”.

Meyvələrin bahalaşmasının xaricə məhsul ixracı ilə bağlı olması iddialarına münasibət bildirən E.Hüseynov bunun daha çox bazardakı monopoliyadan qaynaqlandığını vurğuladı: “Bazarda monopoliya olduğundan qiymətlər bir qrup tərəfindən təyin edilir. Ölkə başçısı dəfələrlə bildirib ki, ölkədə kartinq sövdələşmləri var, qiymətləri sövdələşmə əsasında müəyyən edirlər. Şübhəsiz ki, xaricdən gətirilən məhsullarda sövdələşmənin nəticələri birmənalı şəkildə özünü göstərir. Yerli məhsullar da xaricdən gətirilənlərin rəqabətinə davam gətirə bilmir. Bu səbəbdən fermerlər əkinçilikdənm imtina edir, bu səbəbdən yerli məhsulların qıtlığı yaranır, qiymətlər də qalxır. Digər bir səbəb odur ki, fermerlərin bazara birbaşa məhsul çıxarmaq imkanları azdır. İnsanlar qışdan çıxıb və əllərində pul yoxdur ki, məhsulu yığıb şəhərə bazara gətirib reallaşdırsınlar. Məcbur olub məhsullarını alverçilərə satırlar, onlar da bir əldən gətirib bazarda istədikləri qiyməti qoyurlar”.

Ekspertin sözlərinə görə, hazırda qiymətlərin baha olmasının bir səbəbi də Avropa Oyunları ilə bağlı şəhərə yük maşınlarının girişi qadağan edilməsidir: “Bu məhdudlaşma da qiymət artımına 15-20 faiz təsir edir. Ancaq mən düşünmürəm ki, Avropa Oyunlarından sonra qiymətlər düşsün. Yalnız kartof və soğanın qiymətlərində enmə ola bilər ki, bu da payıza qədər davam edəcək, sonra yenidən qiymət artımı baş verəcək”.

musavat.com
Diaspora