Səfər Əbiyevin əsgər və zabitləri o illərdəki məşəqqətlərindən danışdılar - FAKTLAR

Səfər Əbiyevin əsgər və zabitləri o illərdəki məşəqqətlərindən danışdılar - FAKTLAR backend

Azərbaycan əsgərinin Səfər Əbiyev dövründə üzləşdiyi çətinlikləri hərbçilərin özündən yaxşı heç kim təsvir edə bilməz.

Əsgərin çətinliklərini əyani şəkildə zabit heyəti görürdü. Ordudan oğurlanan pullara başı qarışan, şəxsi heyətə etinasız münasibət göstərən Səfər Əbiyevin zabitləri şəxsi heyət arasında nizam-intizamı qorumaq üçün bəzən sərt, bəzən də əzazil görünməyə məcbur idi. Lakin bu o demək deyil ki, onlar bütün bunları urəkağrısı ilə qarşılamırdı.

Ehtiyyatda olan mayor Kənan Məmmədov xidmət etdiyi 2000-ci illərdə şahidi olduğu hadisələri Qaynarinfo-ya danışaraq Səfər Əbiyev dövrünün Ordusunun iç üzünü açır. Komandiri olduğu bölüyün əsgərləri, habelə hərb yolu keçmiş digər dost-tanışları ilə illər keçməsinə baxmayaraq bu gün də ara-sıra görüşüb ötən günləri xatırlayan K.Məmmədov redaksiyamıza əsgərlərinin və zabitlərin xatirələrini təqdim edib.

«Artıq o illərdən 17 il keçməsinə baxmayaraq, aclıq, susuzluq olan kimi əsgərlik illərim yadıma düşür. Elə ilk gündən təbii şirə əvəzinə suda qaynadılmış üzüm suyu içəndə bildim ki, xidmət dövrü elə də asan olmayacaq. Sən demə üzüm suyu xidmətin ən dadlı ərzağı imiş. Xidmətə yay fəsli getdiyimdən günlərlə çörək yeyə bilmədim. İçi yapışqanlı, iylənmiş çörəyi kim yeyə bilərdi axı. Bu çörəklər ancaq Səfər Əbiyevin donuz fermasındakı donuzlar üçün yararlı idi. Hələ yediyimiz ətin hansı heyvana aid olduğu mənim üçün sirr olaraq qalır. TIL-da naryada çıxan əsgərlər bu ətlərin üzərində 50-ci illərin möhürü olduğunu deyirdilər. Kimi bu ətin kenquru, kimi at, kimisi isə uzunqulaq əti olduğunu deyirdi. Səhər yeməyinə verilən yağlar nə yağı idisə yeyən kimi adamın qarnı açılırdı. Həmin vaxtlar bu yağa görə əsgərlər arasında dizinteriya xəstəliyi yayılmışdı. 3 əsgər qanaxmadan öldü. Ən gözəl müalicə növü olaraq, pul yığıb aldığımız quru çayı çeynəyib udmağı məsləhət görürdülər. Ondan sonra bu yağları da kəsdilər. Bazar günlərini bir ədəd yumurta verdikləri üçün səbirsizliklə gözləyirdik. Bir dəfə əsgərlərin birinin yumurtasından sürpriz olaraq cücə çıxdı. Ondan sonra yumurta üzünə də həsrət qaldıq. O illər aclıq, susuzluqla yanaşı təmizlikdən də çox əziyyət çəkmişəm. Hamamı qızdırmaq üçün evdən göndərilən pulla təkər alırdıq.

Dəfələrlə olub ki, ayda yalnız bir dəfə hamam təşkil edə bilirdik. Sanki biz hansısa bir yad planetə düşmüşdük. Ancaq özümüz öz başımıza çarə tapmalı idik. Nə maraqlanan var idi, nə də halımıza yanan. Valideynlərimiz gəlib xidmətdəki günümüzü görəndən sonra onlar evdə əzab çəkirdilər, biz isə xidmətdə. Xidmət boyu ən sevincli günüm bir andiçmə mərasimində bayrağımızı öpüb Vətənə sədaqətlə xidmət edəcəyimə and içdiyim gün, birdə hərbi bileti alıb evə gəldiyim gün idi. Vətənə xidmət etmək həmişə borcumuzdur. Amma o günləri heç vaxt yaşamaq istəmərəm. Təbii ki, müharibə şəraiti istisna olmaqla», - deyə əsgər İsgəndərov bildirir.

Xəlilov Sahib isə əslən Tovuz şəhərindəndir. Bakıda xidmət etməsinə baxmayaraq, digər bölgələrdə xidmət etmiş dostlarına tez-tez ziyarətə gedirmiş:

«Tovuzun Ağdam kəndində N saylı hərbi hissə var. Ümumiyyətlə, bu seolitin nə olduğunu bilmirəm, amma onu bilirəm ki, eks nazir Səfər müəllim həmin hərbi hissəyə getməzdən qabaq ordakı yataqlara gedirdi. Mən elə bilirdim bu yataqlarda nəsə səngər, ya da tunel qazırlar. Sən demə, bu eks nazirin qara-qura işləri imiş. Bunun haqqında çox şey eşitmişəm. Çoxunun da düz olduğuna inanıram. Qudurmuşluğun dərəcəsinə bax ki, Avropanın bir çox ölkələrində ümumilikdə 17 bank hesabı var. Hələ bu hesablardakı pulları hesablamıram. Daha doğrusu hesablaya bilmirəm, çünki son məbləğı ifadə edəcək 18-20 rəqəmli ədədi demək vaxt alacaq. Bu qədər pulun xaricə çıxarılması həm iqtisadi, həm də siyasi cəhətdən bizə zərbədir. Bir sözlə, bizi talan edib və bizim pulla hegemonluq edirmiş. Bildiyimiz kimi, dövlətin bu və digər sərvətləri hamısı bizə məxsusdur. Mən inanıram ki, o yataqlarda işləyənlər ya onun qohumları, ya da xaricdən gətirdiyi dılğırlar olar. Yəni, bu adamın nə orduya, nə dövlətə 1 qara qəpik xeyri olmayıb, amma ziyanından danışdıqca bitməz. Bunun biznesinin görünən hissəsini danışmaqla bitməz, gör indi görünməyən hissələr nə qədərdi. 2008-2009-cu illər idi, mən Tovuzdakı hərbi hissəyə getdim, ordakı əsgərlərin əynindəki paltarı görəndə lap özümü Afrikanın ən kasıb ölkəsində hiss elədim. Əsgərlərin əynindəki paltarların üstündə o qədər yağ var idi ki, adam özünü görürdü baxanda, əks olunurdu parıltıdan. Bakıdakı qohumlardan biri ora düşmüşdü, uşaq yeməkdən iyrənmişdi. Deyirdi ki, sup içəndə suyun içində əlavə nəsə görəndə təqvimə baxırdıq ki, bəlkə bu gün bayramdır. Amma keçən il mən yenə həmin hərbi hissəyə getdim, bir dostum orda işləyir. O ordakı vəziyyətdən danışdı mənə, vallah heyran oldum. Müqayisə üçün 2008 ilə 2019 arasındakı fərqdən danışmaqla bitməzdi. Ağdamda olan bir daxmadan sanki villa düzəldiblər. Əsgərlər hər gün yağ, pendir, cem, ət, meyvə (ya da şirəsi ) və sair yeməklərlə qidalanırlar.

Qasımov Eltacın danışdıqları isə hətta uzun illər hərb yolu keçmiş və o vaxtkı çirkab içində işləyən zabitləri də təsirləndirir:

«1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Atam Qasımov Abbas Şəmməd oğlu şəhid olub və Şəhidlər xiyabanında dəfn edilib. Əslən Ermənistanlıyıq, Ağbaba mahalından. 2003-cü ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə və ondan sonra, 2006-cı ildə Ali hərbi məktəbə qəbul olmuşam. 2011-ci ildə TTM-i bitirmişəm. Təyinatım Beyləqan rayonunda yerləşən N saylı hərbi hissə oldu. O vaxt orda xidmət edənlər bilər ki, ordakı vəziyyət nə gündə idi. Yeni gələn leytenant idim (o vaxt letuxa deyirdilər). Orda gördüklərimdən dəhşətə gəlmişdim. Təsəvvür edin ki, gəlib şəxsi heyətimi yoxlayıram, əsgər pis gündə, formanı bit-birə basıb. Soruşuram ki, nə vaxt çimmisiniz, deyirlər ki, 2 həftə bundan qabaq. Fikirləşin, 2 həftə əsgər çimmir (təzə paltardan söz belə gedə bilməz). Həmin əsgər ki, bütün günü durmur, növbəyə çıxır, işləyir, dərslərini oxuyur. Təminat sıfır dərəcədə idi. Yeməkxanaya gəldikdə isə - bir sözlə, xaos. Yazıq əsgərlər yeməkxanaya girdikdə iydən dura bilmirdilər. Təsəvvür edin, ac gəlirsiniz yeməkxanaya, oradan da, çox üzr istəyirəm, murdar balıq iyi gəlir. İndi bilmirəm, o vaxt kiçik zabitlər yeməkxana növbətçisi gedirdi. 50-ci illərin ətləri, iylənmiş balıqlar, müddəti keçmiş yağlar və s. Əsgərlər qab yuyurdu, onların da yuduğu nə olacaq, pis gündə.

O vaxt xidmət eləyən zabitlər təminatın nə gündə olduğunu bilirdi. Keçmiş nazir postda erməni dığasına atəş açanda əsgərə 10 sutka həbs, zabitə isə, ən yaxşı halda, şiddətli töhmət, pis halda isə cinayət işi açılırdı. 2013-cü ildən təminat yerli-dibli dəyişdi. Ona görə, bu Səfərə qarşı olan nifrətim yerlə-göy arasındadır. Çox heyif ki, 2017-ci ildə kapitan rütbəsində ürəyimdə olan problemlə əlaqəli tərxis olmuşam. İndi keçmiş uşaqlarla danışıram. Hazırda çoxu xidmət edir".

Rasim Əhmədov isə Sovet ordusunda xidmət etmiş şəxs idi və oğlunu əsgərliyə göndərəndə hələ ordakı durumdan kifayət qədər xəbəri yox idi:

«Oğlum 2010-cu ildə Ağdamda əsgər olub. Hər dəfə onunla əlaqə saxlayanda komandirlərdən, hərbi hissədəki şəraitdən şikayət edirdi. Özünün və əsgər yoldaşlarının ac olduğunu deyirdi. Mən bunların doğru olub-olmadığını öyrənmək üçün Ağdama oğlumun yanına getdim. Oradakı vəziyyəti gördükdə dəhşətə gəldim. Nahar vaxtı hərbi hissənin yeməkxanasına getdim. Yeməkxanadan pis iy gəlirdi. Mətbəxə keçdim, orada iylənmiş balıq, yerdə torpağın üstündə 1965 möhürü olan qaralmış ət, lax iyi uzaqdan hiss olunan yumurtalar, bir də qazanları başdansovdu yuyan əsgərlərlə rastlaşdım. Mətbəxi su basmışdı, hər yerdə milçək uçuşurdu. Elə bil ora mətbəx yox, tövlə idi. Əsgərə verilən supun içində bir-iki dilim kartofdan başqa heç nə yox idi. Stoldakı çörəksə boyat idi və bir hissəsi kiflənmişdi. Mən əsgərlərlə söhbət edəndə dedilər ki, onların yeməkləri hər gün belə olur. Çox vaxt da axşamlar yemək yemədən yatırlar. Bunu eşidən kimi mən hərbi hissə komandirinə şikayət etdim. Bundan sonra hərbi hissə komandiri göstəriş verdi ki, məni hərbi hissədən çıxartsınlar. Bakıya qayıdan kimi birbaşa Müdafiə naziri Səfər Əbiyevə şikayət məktubu yazdım. Yazdığım heç bir şikayətə baxılmadı. Müdafiə naziri Səfər Əbiyevin qəbuluna getdim. Səfər Əbiyev hər dəfə bir bəhanə ilə məni qapıdan içəri buraxdırmadı.

Kiçik oğlum isə hərbi xidmətdən bu yaxınlarda qayıdıb. O heç vaxt komandirlərdən, hərbi hissənin şəraitindən şikayət etməyib. Hər dəfə ondan yeməklərin, şəraitin necə olduğunu soruşanda hər şeyin əla olduğunu deyirdi. Oğlumun sözlərinə baxmayaraq, bunları öz gözlərimlə görmək istədim. Oğlumla görüşə gedəndə yemək və şəraitin əla vəziyyətdə olduğunun şahidi oldum. Keçmişlə indiki dövrü müqayisə etdikdə bir əsgər valideyni kimi deyə bilərəm ki, indi əsgərlərin hərbi hissələrdəki şəraiti evdəki şəraitdən heç də geri qalmır».
Diaspora