Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun bizim torpaqlara keçərək ermənilərlə təkbətək döyüşüb şəhid olduğu gündür.
Qazilər.az bildirir ki, Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət Mübarizin qəhrəmanlığı haqda danışıb və onu əsl kişi və qəhrəman adlandırıb:“Mübarizin kim olmağı hamıya məlumdur. Kimsə böyürdən-başdan yuxa qırağı sulayanlar da, ona qatil deyənlər də olacaq. Ona qatil deyənlər heç o sözün mənasın bilmir. Kaş elə bütün Azərbaycan xalqı Mübariz kimi qatil olaydı. Mübariz öz torpağımızdan öz torpağımıza keçib. Öz torpağımızdan başqa digər dövlətin sərhəddini pozub keçməyib. Allah ona rəhmət eləsin. Mübarizlər olsaydı, Paşinyan Şuşada “tərəkəmə” oynaya bilməzdi, onun qıçını sındırardı. Ona görə də Mübariz haqda fikir birmənalıdır. Mübariz oğuldu, vətənpərvərdi, adam balasıdı, halal südəmmişdir, toxumu yaxşıdır, yaxşı kişinin belindən gəlib. Bir sözlə, təmiz təpədən-dırnağa azərbaycanlıdır. Mübariz haqda başqa fikirlərdə olanların nəzərinə çatdırıram ki, o, erməniləri qabaqcadan öldürdü ki, onlar gəlib burda namusumuza-qeyrətimizə toxunmasınlar”.