Bu gün Bakı-2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarına yekun vurulacaq. QAZİLER.AZ saytı xəbər verir ki, Apasport.az saytının məlumatına görə, komanda və fərdi çoxnövçülük yarışlarının ardından gimnastlar ayrı-ayrı hərəkətlərdə ən güclüləri müəyyənləşdirir.
Milli Gimnastika Arenasında ümumilikdə 10 dəst medal sahibini tapacaq. Qadınlar 4, kişilər 6 hərəkətdə çıxış edir. Hər yarışda 6 idmançı qüvvəsini sınayır.Mükafatlar uğrunda Azərbaycan gimnastı Oleq Stepko da mübarizə aparır. Komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə gümüş medal qazanan təmsilçimiz bu gün daha 4 mükafat uğrunda yarışır.
Belə ki, Oleq Stepko 4 müxtəlif hərəkətdə - gimnastika atı, həlqələr, dayaqla tullanma, paralel qollarda da qüvvəsini sınayıb.
Gimnastika atında hərəkətlərdə sonuncu çıxış edən Stepko 14,600 xalla 2-ci olub. Bu gümüş medal Azərbaycan yığmasının Avropa Oyunlarında qazandığı 31-ci mükafatdır. Gimnastımzıla yanaşı, ilk “üçlük”də sloveniyalı Saso Bartonsel (14,966), böyük britaniyalı Brinn Bevan (14,200) yer alıb.
Saat 18:52-də paralel qollarda yarışa start veriləcək. Stepko Avropa Oyunlarındakı son çıxışını yerinə yetirəcək.