Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.Prezident İlham Əliyevə məlumat verildi ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib.
Qeyd edək ki, bu kompleksin tikintisi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb.
Tərtər şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev rayonun bir qrup idmançısı ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Bu gün Tərtər rayonunda müasir Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə sizi təbrik edirəm. Komplekslə tanış olarkən görürəm ki, bütün işlər çox yüksək səviyyədə görülüb. İndi Tərtərdə də idmanla məşğul olmaq üçün çox gözəl imkanlar olacaq.
Bildiyiniz kimi, Azərbaycanın bölgələrində idman qurğularının tikintisi geniş vüsət alıb. Hesab edirəm ki, Azərbaycan bu parametr üzrə dünya miqyasında qabaqcıl yerlərdədir. Bölgələrdə tikilmiş Olimpiya komplekslərinin sayı artıq 46-ya çatıbdır. Onu da bildirməliyəm ki, 5 rayonda Olimpiya İdman komplekslərinin tikintisi davam edir. O layihələr də başa çatandan sonra, ümumiyyətlə, rayonlarda 51 idman kompleksimiz olacaqdır.
Əlbəttə, bu, imkan verəcək ki, rayon idmançıları öz peşəkarlığını artırsınlar. Burada bütün şərait yaradılıb – böyük oyun zalı, güləş, boks, trenajor zalları, üzgüçülük hovuzu. Hətta mehmanxana da var. Tərtərdə heç vaxt üzgüçülük hovuzu olmayıb. Böyük stadion inşa edilib. Stadion da heç vaxt olmayıb. Mini futbol, voleybol, yəni, idmanın əksər növləri ilə burada məşğul olmaq olar. Əminəm ki, Tərtər idmançıları bu imkanlardan istifadə edərək həm ölkə daxilində, həm beynəlxalq arenada yaxşı nəticələr göstərəcəklər. Tərtərdə idman həmişə inkişaf edib. İndiki şəraiti nəzərə alsaq, əlbəttə ki, daha da böyük ümidlərimiz vardır.
Bütövlükdə isə ölkəmizin idman infrastrukturu istənilən beynəlxalq yarışın keçirilməsi üçün imkan yaradır. Bakı şəhərində artıq iki çox böyük beynəlxalq idman yarışı keçirilib. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarından sonra öz miqyasına görə Avropa Oyunları ikinci yeri tutur. Bildiyiniz kimi, Avropa Oyunları heç vaxt tarixdə keçirilməyib və birinci Avropa Oyunları məhz Azərbaycanda keçirilib. Çünki bir çox ölkələr bundan imtina edib, çünki bu, bir yenilik idi. Bir çox ölkələr tərəddüd edirdilər ki, bunu bacaracaqlar, yoxsa yox. Biz isə bunu bacardıq, özü də yüksək səviyyədə. Onu da bildirməliyəm ki, həm Avropa Oyunları, həm IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi idman potensialımızı gücləndirdi, eyni zamanda, Azərbaycanı dünyada müasir ölkə kimi təqdim etdi. Avropa və İslam Həmrəyliyi oyunlarında 100-dən çox ölkədən 10 mindən artıq idmançı, minlərlə qonaq iştirak edib. Əminəm ki, onların hər biri Azərbaycandan ən xoş təəssüratlarla ayrılıb. Ölkəmizin tarixi, inkişafı, xalqımızın qonaqpərvərliyi, müasir həyatı ilə bağlı onlarda dolğun təsəvvür var. Çünki sirr deyil ki, hətta bu günə qədər bəzi dairələr Azərbaycan haqqında müxtəlif uydurmalar, həqiqəti əks etdirməyən saxta informasiyalar yayırlar. Ona görə Azərbaycana gələn hər bir qonaq, - əgər o, qərəzsizdirsə, - öz gözü ilə ölkəmizin inkişafını, xalqımızın rahat yaşamasını, ölkəmizdə hökm sürən sabitliyi görür. Onu görür ki, bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır.
Bizim idmanla bağlı tədbirlərimizin əsas məqsədi insanların sağlamlığını təmin etməkdir. Çünki idmançılar yaxşı bilirlər ki, idman insan sağlamlığı üçün ən əsas amillərdən biridir. Ona görə mən həm idmançılarla görüşlərdə, həm də digər auditoriyada çıxışlarımda həmişə vurğulayıram ki, hər bir insan idmanla məşğul olsun. Söhbət ondan getmir ki, hər kəs idmançı olsun. Amma idmanla məşğul olan insan sağlam olur. İdman insanı fiziki cəhətdən gücləndirir, eyni zamanda, bizim idmançılarımız bu gün məişətdə də bir çoxları üçün nümunədir. Beləliklə, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan. Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır.
Mən bir neçə il bundan əvvəl təşəbbüs irəli sürdüm ki, Azərbaycanda hər bir insan ildə bir dəfə pulsuz müayinədən keçsin. Buna nail olmaq üçün əlbəttə ki, bütün şəhərlərdə müasir xəstəxanalar olmalı idi və biz artıq bunu təmin etmişik. Bir neçə ildir ki, 5 milyondan çox insan hər il pulsuz müayinədən keçir, öz fiziki vəziyyətini müəyyən edir və xəstəlik aşkar olunan təqdirdə lazımi müalicə alır. Beləliklə, bu və digər tədbirlər nəticəsində Azərbaycanda insanların ömrünün uzunluğu artıb. Azərbaycan xalqı indi daha sağlamdır və həm tibbi müayinədən keçmək, həm idmanla məşğul olmaq - bu iki amil hesab edirəm ki, insanların sağlamlığı üçün əsas rol oynayır. Əlbəttə, biz çalışmalıyıq ki, uşaqlarımız, yeniyetmələr idmanla müntəzəm məşğul olsunlar. İdmançılar yaxşı bilirlər ki, yalnız müntəzəm məşqlər nəticəyə gətirib çıxarır. Ümid edirəm ki, bu imkanlardan həm idmançılar, həm də rayonun digər sakinləri istifadə edəcəklər. Hesab edirəm ki, bu Olimpiya İdman Kompleksi rayon üçün gözəl sağlamlıq və istirahət mərkəzinə çevriləcək.
Tərtər rayonunun inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan xəritəsində Tərtər rayonunun xüsusi yeri var. Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub. Təsadüfi deyil ki, Tərtər rayonunun sosial-iqtisadi inkişafı üçün son illər ərzində bir çox işlər görülüb. Bu, mənim rayona sayca 6-cı səfərimdir və hər dəfə burada olanda açılışlarda iştirak edirəm, vəziyyətlə tanış oluram, müvafiq tapşırıqlar verirəm ki, işlər daha da sürətlə getsin. Deyə bilərəm ki, son illər ərzində rayonun infrastrukturunun inkişafı çox sürətlə gedir. Bu gün açılacaq yeni yarımstansiya Tərtərin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. Baxmayaraq ki, bu günə qədər görülmüş tədbirlər nəticəsində bu sahədə çox böyük irəliləyiş var. Tərtərdə yaşayan insanlar yaxşı bilirlər ki, vaxtilə burada elektrik enerjisi ilə böyük problemlər var idi, fasilələrlə verilirdi, tez-tez kəsilirdi. İndiki dövrdə artıq bu, tarixdə qalır. Düzdür, hərdənbir qəzalar baş verir, ancaq bütövlükdə enerji təminatının dayanıqlığı təmin edilir. Bu gün açılacaq yarımstansiya həm Tərtər rayonu, həm də qonşu rayonlar üçün əlavə imkanlar yaradacaq.
Tərtərdə qazlaşdırma 98 faizə çatır. Təqribən 10 il bundan əvvəl ümumiyyətlə, qazlaşdırmadan söhbət getmirdi. Nəinki kəndlərdə, şəhərdə qaz yox idi. İndi isə əksər kəndlərə qaz xətləri çəkilib və əlbəttə, 98 faiz göstərici bu işlərə xüsusi diqqət yetirildiyini göstərir.
Yol təsərrüfatı tamamilə yenilənir. Bu gün biz yeni yolun açılışını qeyd etdik və təqdimatda o yolun əvvəlki vəziyyəti əks olunmuşdu. Heç asfalt da yox idi, payız-qış aylarında keçilməz torpaq yollar idi. Hazırda Tərtər rayonunda yolların salınması və təmiri ilə bağlı çox böyük işlər görülür. Yolların 80 faizi əsaslı təmir edilib və bir layihə də icra ediləndən sonra 100 faiz olacaq.
Beləliklə, əsas infrastruktur layihələri – elektrik enerjisi, qaz və yollarla bağlı məsələlər öz həllini tapıb. Sosial infrastruktur, gözəl Olimpiya İdman Kompleksi yaradılıb, bir neçə il əvvəl rayon mərkəzi xəstəxanası əsaslı təmir edilib və ən müasir avadanlıq quraşdırılıb. Tərtər şəhərinin su-kanalizasiya layihəsi artıq 4 il bundan əvvəl tamamlanıb və mənim iştirakımla onun açılışını qeyd etmişik. Hazırda içməli su və suvarma layihələrinin icrası davam etdirilir.
Təkcə subartezian quyularının qazılması nəticəsində rayonun su ilə təminatı böyük dərəcədə yaxşılaşıb. Bu günə qədər 72 subartezian quyusu qazılıb. İmzalanacaq yeni sərəncamla əlavə 21 subartezian quyusunun qazılması nəzərdə tutulur. Beləliklə, Tərtər rayonunun suvarma ilə bağlı olan problemləri öz həllini tapacaq və bu, təbii ki, kənd təsərrüfatının inkişafına xidmət göstərəcəkdir.
Taxılçılıq, pambıqçılıq Tərtər üçün ənənəvi kənd təsərrüfatı sahələridir. Pambıqçılığa gəldikdə, Tərtərdə məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan üstündür. Hər hektardan 34 sentner pambıq götürülüb. Ölkə üzrə bu göstərici də yaxşı səviyyədədir, 29 sentnerdir. Amma Tərtər burada qabaqcıl yerlərdədir. Nəzərə almalıyıq ki, mənfur qonşularımız uzun illər ərzində Tərtərin suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun yığılması ilə bağlı vaxtilə, 1970-ci illərdə böyük işlər görüb. Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur.
Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: “Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir.
Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir.
Bildiyiniz kimi, bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda qondarma prezident seçkiləri keçirilmişdir. Qondarma, saxta prezident guya ki, seçilib. Bu gün Dağlıq Qarabağda hakimiyyəti zəbt etmiş xunta rejimidir və əvvəlki rejimin tör-töküntüləridir. Ermənistanın əvvəlki rejiminin bəd əməlləri haqqında bütün faktları Ermənistanın indiki rəhbərliyi açıbdır, ictimaiyyətə təqdim edibdir. Onların generalları oğru, onların dırnaqarası “qəhrəmanları” cinayətkar, onların rəhbərləri rüşvətxordur. Keçmiş rejimin nə qədər nümayəndələri həbs olunub, nə qədər axtarışa verilib. Bu, nə deməkdir?! O deməkdir ki, 2018-ci ilə qədər 20 il ərzində Ermənistana cinayətkarlar rəhbərlik ediblər. Onlardan biri indi həbsxanadadır, o birisi isə hələ ki azadlıqda. Halbuki onun da ölkədən çıxışına qadağa qoyulub. Yəni, bir ölkənin müstəqilliyi hələ 30 ilə çatmayıb, ölkənin 20 ili cinayətkarların ixtiyarına buraxılıb. Əlbəttə ki, bu cinayətkar dəstə cinayətkar rejim yaradıb. O cinayətkar rejim ki, bütün milli azlıqları əzibdir. Orada bir dənə də olsun milli azlıq yoxdur. Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıbdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub. İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır. Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!
Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.
Ona görə bu beynəlxalq təşkilatların və bir çox ölkələrin mövqeyi, əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik. Onlar nə etdilər? Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər. Hesab edirdilər ki, bu, tərtərlilərə, ağdamlılara təsir edəcək. Bir nəfər də tərpənmədi yerindən, bir nəfər də! Onlar bir daha gördülər ki, Azərbaycan xalqı böyük xalqdır. Mən Aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm. Gördüm ki, onlar öz torpağından heç bir yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpağında möhkəm dayanıblar. Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur. Çünki demək olar ki, onların bütün qonşulara - Azərbaycan ilə Türkiyəyə qarşı açıq şəkildə, digər qonşu ölkəyə gizli şəkildə ərazi iddiaları var. Baxmayaraq ki, onlar bizim tarixi torpağımızda yaşayırlar. Bu tarixi hər kəs bilməlidir, xüsusilə gənclər bilməlidir, olduğu kimi bilməlidir. İndiki Ermənistan Respublikasının ərazisi qədim Azərbaycan torpağıdır. Bu, faktdır, tarixi faktdır. Heç uzağa getmək lazım deyil. XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir. Hər kəs görər ki, indiki Ermənistanın bütün ərazisindəki toponimlərin demək olar ki, mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Mən xahiş edirəm, bizim alimlərimiz bunu dərc etsinlər ki, hər kəs görsün. Balaca bir kitabça dərc etsinlər.
İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?
Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir.
Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Olimpiya Kompleksinin Tərtərdə açılması böyük məna daşıyır. Burada öz gücünü artıran gənclər ölkəmizin uğurlu inkişafına töhfələrini verəcəklər. Mən buna əminəm. Sizi bir daha təbrik edirəm!
X X X
Sonra yaradılan gözəl şəraitə görə dövlətimizin başçısına tərtərlilərin minnətdarlığını çatdıran boks üzrə Əməkdar məşqçi Faiq Məmmədov dedi:
-Möhtərəm cənab Prezident, Sizi Tərtər idmançıları adından səmimi qəlbdən salamlayır, bu gözəl Olimpiya İdman Kompleksini bizə bəxş etdiyinizə görə Sizə ürəkdən təşəkkürümüzü, minnətdarlığımızı bildiririk.
Cənab Prezident, mən idmanın boks növü üzrə Əməkdar məşqçi və İdman ustasıyam. Eyni zamanda, qeyd etmək istəyirəm ki, Tərtər rayonunda idmanın inkişafı davam edib. Bundan sonra bu möhtəşəm Olimpiya İdman Kompleksi və içərisindəki müasir avadanlıqlar imkan verəcək ki, biz daha da böyük həvəslə məşq edək və yeni-yeni uğurlara imza ataq.
Cənab Prezident, onu da demək istəyirəm ki, bu gün bütün dünyada yayılmış koronavirus pandemiyasına görə sosial layihələrin və eyni zamanda, idman tədbirlərinin keçirilməsi dayandırılmışdır. Ancaq buna baxmayaraq, Siz və Mehriban xanım ölkəmizdə yeni-yeni sosial layihələrin həyata keçirilməsini davam etdirirsiniz. Bu gün cəbhə bölgəsində yerləşən Tərtər rayonunda açılışını qeyd etdiyiniz bu möhtəşəm Olimpiya İdman Kompleksi bunu deməyə əsas verir. Biz bunu da qeyd etməliyik ki, bu gün pandemiya ilə əlaqədar insanların sağlamlığını nəzərə alaraq bütün qabaqlayıcı tədbirləri həyata keçirmisiniz. Bu günə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı Sizi sevir və dəstəkləyir. Tanrı Sizi və ailənizi qorusun, cənab Prezident.
Prezident İlham Əliyev: Çox sağ olun.