Xərçəngə yoluxan Mehman Hüseynovdan ilk AÇIQLAMA

Xərçəngə yoluxan Mehman Hüseynovdan ilk AÇIQLAMA backend

Xərçənglə mübarizə aparan tanınmış blogger Mehman Hüseynov xəstəliyi barədə açıqlama verib.

Bloqqer üzləşidiyi vəziyyətlə bağlı "Facebook"profilində yazı paylaşıb.

"BakuPost" bloggerin statusunu olduğu kimi təqdim edir:

"Dostlar hər birinizə təşəkkürlər ki, məni xilas etməyə çalışırsız. Çox möhtəşəmsiz, hər birinizin qarşısında baş əyirəm.
Amma bir məsələni qeyd etməliyəm və bunu hamı bilməlidir. Mən artıq öyrəşmişəm çətinliklərə, həyat məni hər dəfə sınağa çəkir. 7 il ölkədən çıxışıma qadağa qoyulmuşdu, polis bölmələri, döyülmə, 2017-ci ildə həbs ediblər, həbsdə olduğum vaxtı anamı itirmişəm, sonra yenə həbsimi uzatmaq istədilər, həbsdən çıxdım yenə döyüldüm və nəhayət, bir gün həkim gəlib deyir ki, bala, sən xərçəngsən. Həyatım tələb edir ki, mübarizə aparım. Əvvəllər rüşvətxorlarla, millətin qanını içənlərlə, saxtakarlarla mubarizə aparırdım, indi isə iş elə gətirib ki, özüm-özümlə mubarizə aparmalıyam. Əminəm ki, bu şişi də məhv edəcəm. Hələ bilmir gəlib kimə ilişib.

Bu xərçəng haradan çıxdı bilmirəm. Amma bu şişi Azərbaycan səhiyyəsi ortaya çıxarda bilmədi. Ayağımda damarlar çıxmışdı, bizim klinikalara gedib müayinə olunurdum, həkimlər deyirdi narahat olma ayağındakı damarlar adi varikozdur. Amma damarlar niyə çıxıb, səbəbi nə olub onu demirdilər. Yeni il ərəfəsi döyüləndən sonra isə heç bir xəstəxana mənə yaxın durmadı. Məni siyasi baxışlarıma görə yaxın buraxmırdılar. Ona görə məcbur oldum getdim Tiflisdə müayinə olundum. Ordaki həkimlər bildiriblər ki, ayağındaki damarlar elə-belə əmələ gəlməyib. Səbəb isə odur ki damar gəlir qarnımın aşağı hissəsində yox olur. Müayinə edib dedilər ki, qarnının aşağı hissəsində şiş var. Şübhələnirik ki, onkoloji ola da bilər, olmaya da. Biopsiya edib, cavablar çıxdıqda gürcü həkimləri bildiriblər ki, biz dəqiqləşdirə bilmirik bu nə şişdi. Biz sizə məsləhət görərdik ki, Avropda müayinə edəsiz. Çünki orada sizə dəqiq deyəcəklər.

Bakıya qayıdıb seçkilərdə iştirak edib sonradan müayinə üçün İsveçrəyə gedəsi oldum. Ölkədən çıxan kimi COVİD 19-a görə giriş-çıxış bağlanıb. İsveçrədə 2 ay ərzində həkimlər müayinə etdi. Yekun qərarı təqdim edib bildiriblər ki, onkoloji şişdi və burda vaxt itirmək olmaz, təcili müdaxilə lazımdır. Lakin o məbləğ nağd əlimizdə olmadı. Mənə burda təklif etdilər ki, gedib İsveçrə hökümətinə müraciət edib, mühacir kimi burada qalım. Məni hər şey ilə təmin edəcəklər və üstəlik bu müalicə, əməliyyat pulsuz başa gələcək. Yalnız mühacir olduğum halda bu əməliyyat pulsuz oluna bilər. Siz indi yəqin düşünərsiz ki, mənim başım çatışmır, dəliyəm, amma elə düşünün. Düşünün ki, məndə çatışmır...

Mən qəti bu qərarı rədd etdim və heç bir Avropa ölkəsinə müraciət etməkdən söz gedə bilməz. Bu təklifdən imtina etdim. Mənim öz ölkəm var Azərbaycan, öz xalqım var. Həyatımın bir hissəsini korrupsiyaya əli batmış məmurlarla mübarizəyə həsr etmişəm. Çalışmışam xalqa xidmət edim, ölkədə baş verənləri çəkib görsədim. O boyda çətinliklərdən keçib əziyyət görüb sonra durub ölkədən imtina edib mühacirliyə gedən deyiləm. Ölkə hamımızındır, ölkədə problemlər var, deməli, bizlər hamımız ölkəmizə sahib çıxmalıyıq. Mənim qərarım qətidir, heç bir mühacirlikdən söhbət gedə bilməz. Qayıdıram ölkəmə.

Mən bundan sonra ayağa qalxsam əgər, öz ölkəmdə mübarizəni aparacam. Əgər sağlamlığım imkan verməsə belə yenə də öz ölkəmdə yaşayacam, çalışdığım qədər xalqa xidmət etməyə davam edəcəm.

Düşündüm ki, bu xəstəliklə qayıdacam ölkəmə. Ondan sonra nə olacaqsa, Allah özü bilən məsləhətdir. Lakin çıxılmaz vəziyyəti nəzərə alaraq, qardaşım təklif etdi ki, petisiya edək Azərbaycan xalqına müraciət edək və ianə toplayaq. Buna da yox cavabı vermişdim. Mən xalqın sosial vəziyyətini nəzərə alıb dedim ki, razı deyiləm. Həm də istəməmişdim bu məsələ haqqında yazıb sizləri narahat edim. Ən pis halda düşünürdüm ki, mənim Azərbaycanda evim var onu satıb bir təhər özümü mualicə edərəm. Amma bunun üçün gərək ölkəyə qayıdıb evi satıb, pulu əldə edib yenə qayıdasan. Nəzərə alsaq ki, ölkəyə giriş-çıxış bağlıdır və mənim onkoloji şişə mudaxilə olunub deyə vaxt itirmək olmazdı. Həkimlər də bizə təcili olaraq radioterapiya elətdirib, əməliyyata götürmək istəyirlər, çünki getdikcə vəziyyətim pisləşir. Ona görə çıxılmaz vəziyyətdə, qardaşım Azərbaycan xalqına müraciət etdi. Və yəqin düz edib. Xalq məni çətin vəziyyətdə qoymadı. Mən də öz qərarımı düzgün etdiyim üçün çox rahatam. Demək ki bu xalq üçün, bu ölkə üçün min əziyyərlərdən keçməyə dəyər. Çox sağolun ki, bu vəziyyətimi nəzərə alıb dəstək oldunuz. Hamınızı sevirəm. Sağlamlığınızı qoruyun".
Diaspora