Cəmi 18 yaşı vardı. Adı Elvindir. Balakənin Katex kənd sakini olub. Vətən çağırıb, bəhanəsiz filansız, minnətsiz canını Vətən üçün fəda etməyə gedib. Bir neçə gün öncə, iyunun 13-də Ermənistan işğalçı qüvvələrinin snayperi onu şəhid edib. Bəli, Katexin Elvin Dəvrişov adlı gənci heç uf demədən belə canını bu dövlətə, bu xalqa qurban verdi.
O, şəhid oldu. Cəmi 18 yaşında o zirvəyə yüksəldi. Tanımırdım onu. Heç çox adamın tanıdığını da sanmıram. Yüz minlərlə Azərbaycan gəncindən biri idi. İndi isə o yüz minlərin içindən sıyrılıb zirvəyə yüksəlmiş əziz şəhidimizdir.Bir neçə gün öncəyə qədər o, bir ailənin, bir nəslin övladı idi. İndi isə bütün Azərbaycan xalqının övladıdır. İndi hər evdə onun xatirəsi əziz tutulur, hər kəs onu yetirən ata-anaya, suyunu içib havasını udduğu torpağa əhsən deyir.
Bu gənc cəmi 18 yaşında üstündə boy atdığı torpağa bəlkə bizim heç vaxt verə bilməyəcəyimiz qədər bir borcu qaytardı.
Katex bu gənclə öyünə bilər. Balakən bu gənclə fəxr edə bilər. Bu kəndin, bu elin insanları zatən hər zaman öz fədakarlıqları, Vətənə, dövlətə sədaqətlərilə seçilib. Elə bir sədaqətlə ki, düşünmədən canlarını bu Vətənə fəda ediblər.
Elə bugünlərdə 1-ci Avropa Oyunlarında qızıl medal qazanmış daha bir əsgərimiz gündəmdəydi. Yalnız idmana olan bağlılığıyla deyil, həm də əsl kişi ləyaqətilə, bir əsgər kimi Ali Baş Komandana sayğısıyla diqqət çəkdi bu gəncimiz. O da Balakənlidir. Qabaqçöl kəndinin yetirməsidir. Rəsul Çunayevi deyirəm. Yəni bu iki gənc dövlətə, xalqa sədaqətin əsl örnəkləridir.
Balakənin Katex kəndinin daha bir yetirməsini də tanıyırıq biz. Kaş tanımayaydıq. Kaş o gənc heç Katexli olmayaydı. Kaş Elvin kimi bir gənci yetirmiş torpaqdan elə birisi də çıxmayaydı.
Bu gənc öz həmkəndlisi Elvinin sinəsinə güllə sıxmış erməni işğalçıların tərəfindədir təəssüf ki. Bəli, tərəfində.
Adı Arzu Qeybulladır. Gecəli-gündüzlü antiAzərbaycan təbliğatı aparır. İddia edir ki, Azərbaycanda insanların – yəni mənim, sənin, lap elə rəhmətlik şəhidimiz Elvinin, çempionumuz Rəsulun hüquqlarını qoruyur. Kimdən qoruyur, nədən qoruyur? Özü də bilmir. Bilsəydi, Elvinin sinəsinə güllə sıxmış ermənilərin “Agos” qəzetinin yazarları sırasında olmaz, yorulmadan onlarla birlikdə Elvinin ölkəsinə qarşı aparılan qaralama kampaniyalarının önündə getməzdi.
İndi bizim üçün Elvinə güllə sıxmış erməni snayperilə onun öz həmkəndlisi Arzu Qeybullanın fərqi varmı? Yoxdur, ola da bilməz axı. Elə Elvinləri şəhid edən bu arzular deyilmi? Erməniyə dəstəvuz olan, onu ürəkləndirən, daim yanında yer tutan bu arzular daha nə qədər Elvinimizi şəhid etməlidir ki, biz özümüzə gələk?
Bu Arzunun bir sahibi yoxdurmu ki, ona anlatsın ki, bir insan öz dövlətinə qarşı bu qədər qəddarcasına, düşməncəsinə mübarizə aparmaz? Axı bir insana öz dövləti nə etmiş olmalıdır ki, o, yorulmadan, gecə-gündüz öz dövlətini gözdən salmaq üçün çalışsın?
Mən Katexdə olmuşam. Oranın insanlarını görmüşəm, tanıyıram. Cəsarətlərinə, adam kimi adamlıqlarına bələdəm. O torpağın bir övladının başqa bir övladını öldürəcək işğalçı-canilərin sırasında yer tutacağını heç ağlıma da gətirmək istəmirəm.
Niyə öldürdün Elvini, Arzu? Elvin sənə nə etmişdi ki, ona güllə atacaq düşmənin sırasında yer aldın? Öz həmkəndlin, kim bilir, bəlkə də uzaq-yaxın qohumun olan Elvinin ölümündə sənin də əlinin olduğunun fərqinə varırsanmı heç olmasa? Bir düşün barı. Səfində yer tutduqlarının məqsədi bizi sənin həmkəndlin Elvin kimi öldürməkdən başqa bir şey deyil. Öldürmə Elvinləri, Arzu, öldürmə…