Qarabağ qazisindən Prezidentə müraciət: Əməliyyata gücüm çatmır, ayağımı isə itirmək istəmirəm - FOTO

Qarabağ qazisindən Prezidentə müraciət: Əməliyyata gücüm çatmır, ayağımı isə itirmək istəmirəm - FOTO backend

Qarabağ əlili, ehtiyatda olan baş leytenant Hatəmli Baxşeyiş Abbas oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət məktubu ünvanlayıb.

Məktubunda qazimiz Qarabağ müharibəsi zamanı aldığı qəlpə yaralarından dolayı səhhətində yaranan problemlərə görə əməliyyata və maddi vəsaitə ehtiyacının olduğunu bildirib.

Qazilər.az
Qarabağ qazisinin müraciətini təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab prezident İlham Əliyevə

"Azərbaycan bayrağı" ordenli əməkdar jurnalist, II qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan baş leytenant Hətəmli Baxşeyiş Abbas oğlu tərəfindən müraciət;


Möhtərəm prezident!

Cənab Ali Baş Komandan!


Azərbaycanın müstəqilliyi və suverenliyi, torpaqlarımızın erməni təcavüzündən qorunması uğruda canım və qanımla mübarizə aparmışam. Erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarındakı şəxsi igidliyimə və şücaətimə görə Ulu Öndərin 15 yanvar 1995-ci il tarixli sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşam.

Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərimə görə isə Sizin tərəfinizdən 21 iyul 2010-cu il tarixdə əməkdar jurnalist fəxri adını almışam.

26 iyun 2012-ci ildə azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq "Azərbaycan ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişəm.

Cənab Ali Baş Komandan!


Azərbaycan Milli Ordusu sıralarında bölmə, taqım, bölük komandiri, qərargah rəisi, əlahiddə kəşfiyyat bölük komandiri vəzifələrində xidmət edərək Vətən qarşısında vətəndaşlıq borcumu ləyaqətlə yerinə yetirmişəm.

1994-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi tapşırığını yerinə yetirərkən minaaya düşərək 34 qəlpə yarası aldıqdan sonra 1996-cı ildən ordu sıralarından tərxis olunmuşam.

Artıq 26 ildir ki, ayaqlarımdan və bədənimin digər hissələrindən aldığım yaraların ağrı-acıları ilə yaşayıram. Lakin illər uzunu daşıdığm bu ağrılar mənim üçün Vətənimin dərdi olan QARABAĞ ağrısından qat-qat yüngüldür!

Cənab Ali Baş Komandan!


Aldığım yaraların nəticəsi olaraq müalicələrin heç bir effekti olmadığından artıq sağ ayağım diz nahiyyəsindən kəsilmək ərəfəsindədir. Təcili olaraq əməliyyat edilməliyəm. Əməliyyatım isə "Funda" klinikasında aparılacaqdır. Əməliyyata 6.500 manat vəsait tələb olunduğundan onu ödəmək gücündə, ayağımı isə itirmək niyyətində deyiləm!
Vətən qarşısında xidmətlərimi nəzərə alaraq əməliyyatım üçün lazım olan 6.500 manat vəsaitin ödənilməsinə köməklik göstərməyinizi xahiş edirəm!

Əvvəlcədən dərin minnətdarlığımı bildirirəm!


QAZİLƏR.AZ
Diaspora