Rusiyanın Krasnoyarsk şəhərində keçmiş diaspor rəhbəri, iş adamı Əvəz Hüseynov vəfat edib.
Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya açıqlamasında bildirib ki, Ə. Hüseynov ötən gün şəhər xəstəxanaların birində ürəyindən əməliyyata hazırlaşarkən, 63 yaşında qəflətən dünyasını dəyişib.Əslən Azərbaycanın Füzuli rayonundan olan Əvəz Qaçay oğlu Hüseynov gənclik illərindən burada yaşayıb, sovet dövründə uzun müddət milis orqanlarında çalışıb, 90-cı illərdə isə uzun müddət Krasnoyarsk Azərbaycan Milli Mədəni Cəmiyyətinə sədrlik edib. Son dövrlərə qədər isə regionun tanınmış iş adamlarından biri kimi Azərbaycan diasporunun fəaliyyətində aktiv iştirak edib, Cəmiyyətin üzvü olub. Ə. Hüseynov öz vəsiyyətinə uyğun olaraq Krasnoyarskdakı müsəlman qəbiristanlığında dəfn olunacaq.