Sonuncu buraxılış imtahanlarında 32 nəfər maksimum nəticə göstərib

Sonuncu buraxılış imtahanlarında 32 nəfər maksimum nəticə göstərib backend

Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (9 və 11-ci sinif) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələrinin statistik göstəricilərini açıqlayıb


QAZİLER.AZ saytı xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 9-cu sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə Ana dili və Riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.

İmtahanda iştirakı nəzərdə tutulan 21191 şagirddən 717 nəfəri imtahana gəlməyib, 6 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20468 şagirdin imtahan nəticələri yerləşdirilib.

İştirakçılardan 14 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

11-ci sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlərə təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.

İmtahanda iştirakı nəzərdə tutulan 18124 şagirddən 868 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 17254 şagirdin imtahan nəticələri yerləşdirilib.

İştirakçılardan 18 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.
Diaspora