Ana dilində danışa bilməyən məmurlar…

Ana dilində danışa bilməyən məmurlar… backend

Yunan filosofu Sokrat deyib: "Danış ki, səni görüm”.

Dahi mütəfəkkir bu ifadənin arxasında heç şübhəsiz ki, insanın zahiri yox, daxili görüntüsünün ortaya çıxması anlayışını nəzərdə tutur. Yəni məhz dil vasitəsi ilə sən özünü, ailəni eləcə də bütün ölkəni dünyaya yaxşı və pis mənada təqdim edib, tanıda bilərsən.

Eyni zamanda, danışıq üslubun milliyətin, mənsub olduğun ölkə haqqında ilkin məlumatdır.

Çox təəssüf ki, Azərbaycanda bəzi vəzifəli şəxslər hələ də ana dili mahiyyətini tam dərk etmək gücündə deyil. Ya da nə bilək, bəlkə də öz "ənənəvi” danışıq üslublarından imtina etmək istəmirlər.

Bu məsələnin fonunda son zamanlar xüsusilə mediada danışıq üslubu ilə "qıcıq” yaradan bəzi məmurların danışıq dilinə toxunmaq istərdik. Belə ki, yüksək postları tutan bu şəxslər ana dili qaydalarını elə kobud şəkildə pozur ki, hətta mətbuat nümayəndələri belə onları anlamaqda çətinlik çəkir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu günlərdə təşkil etdiyi iki mətbuat konfransında "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun danışıq tərzi günlərdir sosial şəbəkələrdə lağlağı mövzudur. Axı uzun illərdir yüksək vəzifələrdə çalışan bu kimi məmurlar ana dilində niyə pis danışsınlar?..

Bəzi ölkələrdə vəzifəyə təyin olunmazdan qabaq şəxsin danışıq dilinin səviyyəsinin öyrənilməsi üçün müəyyən imtahan nəzərdə tutulur və bu imtahana əsasən təyinat qərarı verilir.

Maraqlıdır, bizdə də bu təcrübəni tətbiq etmək olarmı?

Ümumiyyətlə, bəzi məmurların danışıq dili normalarını pozmasına səbəb nədir?
Mövzu ətrafında Modern.az-a danışan telejurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli mövcud problemi əksər şəxslərin aldığı təhsillə əlaqədar olduğunu deyib:

"Hər hansı məmurun doğma ana dilini pis bilməsi, yaxud da bu dildə pis danışması ürəkağrıdan hadisədir. Həmin məmurların əksəriyyəti Sovet dövründə başqa dildə təhsil alıblar. Yəni mühit başqa olub deyə, müəyyən qədər dil problemlərinin olmasını anlamaq olar. Amma ümumilikdə özünə, ana dilinə hörmət edən dövlətlərdə məmurların işə düzəlməsi, xüsusilə mühüm vəzifələri tutması üçün önəmli şərtlərdən biri onun peşə bacarıqları ilə bərabər, ana dilini də mükəmməl bilməsidir. Hesab edirəm ki, Azərbaycanda da bunu tətbiq etmək çox uyğun olardı. Məsələn, mən bir çox ölkələrin təcrübəsini bilirəm ki, Ukraynada, Gürcüstanda, həmçinin Avropanın bir çox ölkələrində ana dilini bilmək mühüm şərtlərdən sayılır və işə qəbul olunanda dil biliyi nəzərə alınır. Nümunə üçün qeyd edim ki, Ukraynada Təhsil Nazirliyində xüsusi dil komissiyası var. Bu komissiya orta və ali məktəb müəllimlərinin ana dilində nə dərəcədə yaxşı danışa bildiyini yoxlayır. Həmin nazirlikdə bu quruma rəhbərlik edən şəxs azərbaycanlıdır. Bu bizim üçün bir nümunədir”.

Professor təklif edir ki, məmurlar işə qəbul edilməzdən əvvəl dil komissiyasında yoxlanışdan keçsinlər:

"Azərbaycanda da ana dilinin düzgün işlənməsi ilə bağlı 20-ə yaxın qanun, sərəncam və fərman var. Amma baxaq görək bütün bunlar nə dərəcədə effektlidir? Məmurlar nə dərəcədə ana dilini bilməyi və bu dildə gözəl danışmağı mühüm hesab edir? İstənilən mütəxəssis fransız, ingilis dilini bilir, çox gözəl. Amma həmin məmurun işlədiyi əsas subyekt azərbaycanlılardır. O məmur Azərbaycanda çalışır və ölkənin əhalisi ilə işləyir. Ona görə də ölkənin ana dilini bilmək, "Dövlət dili haqqında” qanunun tələblərinə əməl etmək lazımdır. Hesab edirəm ki, bu baxımdan onların işə qəbul olunarkən müvafiq komissiyadan keçməsi daha doğru olar. Amma təəssüf ki, bizdə çox şey kompaniya xarakteri daşıyır. Mətbuat bu gün məsələyə diqqət yetirir, lakin səhəri gün mövzu unudulur. Bu baxımdan dil məsələləri ilə bağlı məşğul olan bir sistem olmalıdır. İnsanların ana dilini bilmək həyati ehtiyacı olmalı və bu dili özlərinin dəyəri hesab etməlidirlər”.
Diaspora