2016-cı il Aprel döyüşlərində şəhid olan əsgər Fərahim Novruzovun atası Nadir Novruzov yaşadığı Biləsuvar rayon Səmədabad kənd bələdiyyəsinin laqeydliyindən şikayət edib.
Qazilər.az bildirir ki, şəhid atası Moderator.az-a açıqlamasında bildirib ki, o, əkin üçün bələdiyyənin ehtiyat fondundan beş hektar torpaq icarəyə götürmək istəsə də, onun bu istəyini bələdiyyə sədri vecinə almır:“Mənim problemim Səmədabad kənd bələdiyyəsi ilədir. 2017-ci ildən bu günə kimi bələdiyyəyə müraciət edərək taxıl və ya pambıq əkmək üçün beş hektar icarəyə torpaq istədim. Amma bir şəhid atası kimi mənim bu istəyim dövlətin balaca bir qrumu olan bələdiyyə tərəfindən həyata keçirilmir. 2017-ci ildən indiyə kimi Biləsuvarda bir çox məmurlara torpaqlar paylanılıb, amma biz kənarda qalmışıq. Dövlət tərəfindən hamı kimi mənə də pay torpağı verilib, amma o yerlər şoran olduğu üçün əkmək mümkün deyil.
Şəhid atası deyib ki, ölkə başçısına və bir çox nazirliklərə bununla bağlı məktublar da ünvanlayıb:
“Bu hörmətsizliyə görə ölkə başçısına və bir çox nazirliklərə məktublar ünvanlamışam. İndi də İqtisadiyyat Nazirliyinə teleqrama vurmuşam ki, cənab nazir məni qəbul etsin. Üç övladım var idi, onlardan ilkini bu torpaq üçün qurban verdim. Amma bunlar bir şəhid ailəsi kimi məni adam yerinə qoymurlar. İndi elə bir vəziyyətdir ki, Qarabağı ermənilər, Biləsuvarı isə məmurlar işğal edərək torpaqları mənimsəyiblər. Kəndin otlaq sahəsi məmurlar tərəfindən zəbt edilib və orda taxıl əkirlər”.
Məsələylə bağlı Səmədabad kənd bələdiyyəsinin sədri Hidayət Həsənovun da mövqeyini öyrənməyə çalışacağıq.