Mikayıl Cabbarov Badminton Federasiyasının prezidenti seçildi Təhsil naziri Mikayıl Cabbarov Badminton Federasiyasının prezidenti seçilib. APA TV-nin məlumatına görə, Milli Olimpiya Komitəsində Azərbaycan Badminton Federasiyasının prezidenti seçkiləri keçirilib.
Federasiyanın İcraiyyə Komitəsinin toplantısında təhsil naziri Mikayıl Cabbarov qurumun yeni prezidenti seçilib.Federasiya prezidenti bildirib ki, idmana dövlət səviyyəsində yüksək qayğı göstərilir: "Azərbaycanda idmana xüsusi diqqət verilir və bir çox idman növlərində Azərbaycan atletləri layiqli yer tutublar. Badminton idman növünün də gələcəkdə inkişaf etdirilib populyarlaşdırılması, daha yüksək nailiyyətlərin əldə edilməsi üçün, bu idman növünün Olimpiya idman növü olmasını nəzərə alaraq istər Cənub-Şərqi Asiya, istər Şimali Avropa ölkələrində olan idman nailiyyətləri populyarlıqdan irəli gəlir".
Azərbaycan 1997-ci ildən Beynəlxalq Badminton Federasiyasının üzvüdür. Ölkəmizdə badminton idman növü kimi 1960-cı illərdən etibarən inkişaf etməyə başlayıb, hazırda millimiz dünya reytinqində 82-ci yerdə qərarlaşıb. Birinci Avropa Oyunlarının proqramına daxil edilən badminton yarışlarında 31 ölkədən 160 atlet komplekt medal uğrunda mübarizə aparır. Azərbaycan bu yarışlarda iki idmançı - Orxan Qələndərov və Kənan Rzayevlə təmsil olunur.
Mikayıl Cabbarov iyunun 22-də badmintonçularımızı dəstəkləmək üçün azarkeşləri Bakı İdman Zalına dəvət edib. O, həmçinin əlavə edib ki, badminton idman növünün məktəb və universitetlərdə də inkişafı üçün şərait yaradılacaq.