Professor Adil Qeybulla ilə müsahibə...
Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib.Qərar 18 may 2020-ci il saat 00:00-dan qüvvəyə minəcək. Yeni qərara əsasən, vətəndaşlar artıq evlərini icazə ilə tərk etməyəcəklər, həmçinin 08:00-dan 18:00-dək rahatlıqla restoran, kafe, çay evləri, o cümlədən bütün ictimai iaşə obyektlərinə gedə biləcəklər. Bununla yanaşı bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə aradan qaldırılıb.
Yenisabah.az-ın məsələ ilə bağlı bu və digər suallarını professor Adil Qeybulla cavablandırıb:
- Adil müəllim, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarını necə qiymətləndirirsiniz?
- Karantin qaydalarının yumşaldılmasına təbii baxıram, çünki uzun müddət sosial həyatı donmuş vəziyyətdə saxlaya bilmərik. Artıq yay gəlir, amma mənfi tendensiya var, yoluxanların sayı sağalanların sayından çoxdur, ona görə də biz ciddi olmalıyıq, karantin davranışları dəyişə bilməz.
- Həkim kimi vətəndaşlara nə tövsiyə edirsiniz? Vətəndaşların üzərinə düşən vəzifə nədən ibarət olmalıdır?
- Vətəndaşların üzərinə düşən vəzifə ondan ibarətdir ki, mövcud vəziyyətdə məsələyə şüurla yanaşsınlar. Karantin davranışlarına əməl etsinlər. Yaxın zamanda vəziyyət gərginləşsə, özləri bundan əmin olacaqlar. Sosial məsafə gözlənilməli, maska taxılmalı, əllərin gündə bir neçə dəfə yuyulması və dezinfeksiya edilməsi lazımdır. Bunlara mütləq əməl edilməlidir. Bunlar o vaxt dəyişə bilər ki, infeksiyaya artıq dünya miqyasında son qoyulsun. Bu bizim həyat tərzimizə çevrilməlidir.
- Doktor, reallıq odur ki, bizdə vətəndaşlar qadağaya çox məhəl qoymurlar. Məsələn, metroda maska taxılmalı olduğu halda, qatarın içində artıq vətəndaşların əksəriyyəti maskanı çıxarır, yəni sadəcə yoxlanışdan keçmək üçün taxırlar. Həmçinin sosial məsafəyə də əməl etmirlər. Oturacaqda sosial məsafəni qoruyun yazılmasına baxmayaraq, orada əyləşənlər var...
- Bunun bir adı var, o da vətəndaş məsuliyyətsizliyidir. Təəssüflər olsun ki, insanların əksəriyyəti situasiyanı “iqnor” edir. Onlar başa düşmürlər ki, bununla nəinki özlərini, hətta bütün əhalinin taleyini zərbə altında qoyurlar. Yayılma sürətlə artsa, Çindəki kimi bizdə də insanlar küçədə yıxılıb ölsə, bunda günahkar məhz həmin şəxslər sayılacaq.
- Ehtimal var ki, karantinin yumşalması riski artıracaq? Bu haqda siz nə düşünürsüz?
- Mən hesab edirəm ki, karantin davranışları ilə bağlı münasibət çox sərt olmalıdır. Bu gün Çinin özündə bəzi qaydalar qalır, onu pozan adamlar ciddi şəkildə cəzalandırılır. Bu hərbi qaydalar kimi bir şeydir. Bunun pozulması millətin təhlükəsizliyinə təhdid deməkdir. Ona görə də düşünürəm ki, tədbirlər görülməlidir. Qətiyyən narahatlığa əsas yoxdur. Kim qaydaya tabe olmursa, həmin şəxslə bağlı ciddi tədbir görülməlidir.
- Əgər mayın 18-dən sonra yoluxanların sayında artım olarsa, qaydalar təkrar sərtləşdirilə bilər?
- Müəyyən situasiyalar ola bilər ki, sərtləşdirməyə gətirib çıxarar, amma mən istəməzdim ki, vətəndaş məsuliyyətsizliyinə görə biz buna gedək.