Son yazımın "doğum haqqında şəhadətnamə"sində əsl adı belə idi...
Mən indi Sizin qarşınızda öz həyatını özündən başqa heç kimə etibar etməyən və bu zaman gözü, qulağı, ürəyi və beyni ilə yanaşı, həm də bütün varlığı ilə görməyə, eşitməyə, duymağa və düşünməyə çalışan soyuqqanlı bir istehkamçı kimi dayanmışam. Əhatə dairəmin miqyası və bu miqyasa xas ərazinin çoğrafi quruluşu – torpaq örtüyü, flora və faunası, insanlarının bədən dili, düşüncə tərzi, dünyagörüşü və mütaliəsi, bir sözlə, hər şey gələcək perspektivlər baxımından ilk görüşdəcə öz varlığını xatırlatmağa, iradəsini diqtə etməyə çalışır. Kütləvi təhdidlər heç vaxt bir-birinə bənzəməyən barmaq izləri kimi fövqəladə fərdiliyi və rəngarəngliyilə diqqəti yayındırsa da, özünü təkrarsız çərçivələri ilə yalnız vahid formada – boyunduruq halında şəkilləndirir. Yəni kim(lər)insə maddi, mənəvi, psixoloji və intellektual təsiri altına düşənlər, istər-istəməz kök altına düşürlər. Ətrafımız bu dəhşətli metamorfozanın ən iyrənc nümunələrini şəxsində yaşadan və ixrac edən “plastilin adam”larla doludur. Onların sayı o qədər sürətlə artır ki, belələrilə hər gün, hər saat üz-üz gəlməyimiz, ünsiyyətdə olmağımız daha təəccüb doğurmur. Bu, indiki halda bizim genetik kodlarımızın süni yolla əhatə dairəmizə ötürülən hibrid etiketlərə təslimidir. Həyat fəlsəfəmizin, mücadilə prinsiplərimizin əsas vintciyinə çevrilən bu adamlar milli-mənəvi dəyərlərimizə qarşı cəbhə açır, öz alternativlərini stimullaşdırır, təlqin edir, yaltaqlığı, nifrəti, ikiüzlülüyü, xəyanəti və yalanı normaya çevirir, xalqın həqiqi simasını arxaikləşdirir.Ancaq ehtiyac duyulduqda öz varlığını ağ-qara ştrixlərlə xatırladan və daim qalib xarakterlər tərəfindən idarə olunan kölgə cəmiyyəti belə yaranır, belə formalaşır. Bu cəmiyyətin üzvləri öz həyatını könüllü şəkildə başqa adamların həyatının mikroskopik elementinə çevirənlər, çağdaş dünyamızın ən təhlükəli nümayəndələri, fırçasız-boyasız rəssamlarıdır! Çünki onların portretini həmişə başqaları çəkir...
Vəziyyətin, qaranlıq labirinti xatırladan indiki halı yalnız hər bir insanın bir xarakter kimi qarşımıza çıxması ilə deyil, həm də torpağın alt və üst qatlarındakı sonsuz çeşidi və iddiası ilə mürəkkəbdir. Dayandığımız yerdə havanın çirkliliyi, görmə məsafəsinin minimumadək məhdudlaşması “narıncı təhlükə” səviyyəsi üçün “münbit torpaq” rolunu oynayır.
Bütün bunlar hədəfimizə doğru aparan yolları bir növ hər kvadrat metri minalanmış sahə kimi obrazlaşdırır və özünümüdafiə instinktimizi daim tətikdə saxlayır. Yəqin elə buna görə mən sizə ərazinin ümumi xəritəsi və konturları haqqında müəyyən bilgilər verməklə işimi bitmiş saymıram. Çünki burada söhbət ayrı-ayrı fərdlərin taleyindən çox, toplumun gələcək müqəddaratından gedir. Axı peşəkar bir istehkamçı üçün ətrafındakıların baxış bucağı, bilik və bacarığı, ruh halı da eyni səviyyədə həyati əhəmiyyət daşıyır: sıramızdan kim(lər)insə fərdi məsuliyyətsizliyi səbəbindən minaya düşməsi, kim(lər)insə soyuqqanlılığı və peşəkarlığını bir andaca sıfırlaya, uzun və gərgin mücadiləsinin sonuncu nidasına çevrilə bilər! Yəni əlimizin üstündəki minanı ən təhlükəli cəhətlərinədək tanısaq da, ayağımızın altında qalandan sonra o, əl-qolunu aça biləcəyi son həddədək qarşısına çıxan heç kimi və heç nəyi tanımır!..
Biz sizinlə yerləşdiyimiz ərazini “risk zonası” kimi təlükəli həddədək gətirib çıxaran ciddi məqamlardan danışırıq. Bu məqamlar uzağı hər yüz ildən bir sərhədləri pozulan və haqq etdiyi, barışdığı miqyaslaradək qayçılanan bir xalqın məğlub durumundan xəbər verir. Çünki hətta otuz il bundan qabaqkı uğursuzluqlarımızı xatırlayanda ürəyimizdən keçən ilk hiss təəssüf olur. Çünki toparlanmaq, bir yumruğa çevrilmək, həlledici döyüşə atılmaq, nəhayət, ənənəvi qəhrəmanlıq salnaməmizlə bugünümüz arasındakı uçuruma körpü atmaq haqqında düşünmürük! Ya da düşünmək istəmirik!..
Həyat səhnəmiz bu acı reallığı ən kiçik detallarınadək özündə ehtiva edən ağ-qara rəngli portretlərlə doludur: danışan portretlərlə. Gəlin bir az da onları dinləyək və sərgimizlə ilk tanışlığa qan qardaşlarımın, ruh ekizlərimin, əqidədaşlarımın kəndindən – Şəhidlər Xiyabanından başlayaq. Bir azdan buraya ölkənin birinci şəxsi gələcək! Və onu ölkənin ən ünlü ziyalıları, xalq şairləri, xalq yazıçıları qarşılayacaq! Burada hamının Ondan umacağı nəsə var mütləq! Çünki O, yaradıcı adamlara qarşı həmişə diqqətlidir! Sözə dəyər verir! Ona görə də heç kim fürsəti fövtə vermək istəmir. Ancaq şans yalnız bir nəfərin üzünə güləcək! Və o bir nəfər göz təması, mimik ifadələrilə əvvəlcə, guya utandığını, xəcalət çəkdiyini önə çıxaracaq, maskalanacaq! Sonra nəyisə (çox güman arvadının tapşırığını) qəfildən xatırlamış kimi dərhal toparlanacaq və cəsarətli bir ər(ən) görkəmi alacaq! Daha sonra bircə cümləsilə əslində bütün şansı zorlanmışların ürəyindən keçənləri ifadə edəcək və bununla da azca aralıda sümüyü sızıldayan qan qardaşlarımın, ruh ekizlərimin, əqidədaşlarımın kəndini viran qoyacaq, gorunu çartladacaq: “Cənab Prezident! Mənim evim hazır deyil hələ!..”
Bizim sərgimiz ideya və məzmun baxımından yeknəsək təsir bağışlaya bilər, ancaq dünyaya mədəsindən boylanan və yalnız qarnı ilə düşünən ziyalılarımızın mesajları kifayət qədər rəngarəng və maraqlıdır. Buyurun, bu bir millət vəkilinin portretidir. İddialı baxışları, ciddi görkəmi var! Nadir istedadı, fövqəladə bacarığı ilə seçilir. Ehtiyatlı olun! Xüsusilə təlqin məsələsində peşəkardır. Axı heç biriniz qəfildən üzüqoylu torpağa sərilməkdən sığortalanmamısız! Bu portretin qarşısında beş saniyədən artıq dayanmağınızı məsləhət görmürəm. Çünki beş saniyədən sonra ürəyinizdən keçən yeganə hiss ancaq əyilmək olacaq!..
Növbəti çərçivəmiz eyni masa ətrafına toplaşmış bir qrup adama məxsusdur. Bu adamların şalvarındakı lampaslar qırmızı rəngin ən ali, ən müqəddəs rəmzlərindən toxunub. Məsələn, Şəhid Qanından! Masanın üstünə sərilmiş kağız parçası bütün notları ilə xəritəni xatırladır və bizi ilk növbədə işğal altındakı torpaqlarımız haqqında düşünməyə vadar edir. Diksinmiş ideya və ideallarımız dərhal qanımızı coşdurur, damarımızı qabardır! Ancaq təzyiqimiz necə kosmik sürətlə qalxırsa, elə o sürətlə də enir. Çünki həyat bu adamları daha çox əks cəbhədə boş(aldılmış) ərazilərin zəbtilə gündəmə gətirir və qarşımızdakı tablonu öz(əl) ştrixlərilə tamamlayır. Bu ştrixlərin Xankəndinə, Göyçəyə, Zəngəzura çatacaq qədər uzun siyahısı (biznes, şəxsi, maxe, xəyanət, zabit... kimi) açar sözlərə fövqəladə ehtiyac yaradır və bərkimiş iddiasını ermənilərin Kəlbəcərdə, Şuşada, Cəbrayılda... ucaltdıqları görkəmcə eyni, məzmunca fərqli göydələnlərlə abidələşdirir!..
(Bu göydələnlərin əsl iddiası ilə bağlı təsəvvürlərimizdə yaranmış tərəddüdlər istər-istəməz növbəti tablonu gündəmə gətirir. Batal janr dərhal hüdudsuz imkanları ilə bir tərəfdən çeşid-çeşid postulatlara, digər tərəfdən isə ciddi konfrantasiyalara tribuna verir, söz demək imkanı yaradır. Burada biz lampasların necə möhtəşəm istedada və müdafiə qüdrətinə sahib olduqlarını görür, xüsusilə nimdaş paqonlu pleyadanın vasitəsilə yaratdılmış bufer zonası ilə tanış oluruq. Bu zona həm də güzaran psixologiyası və taktikasının kölgəsi – ölkənin müdafiə qüdrətinin şəxsi maraqların müdafiəsinədək yuvarlaqlaşdırılmış, kiçildilmiş uzantısıdır. Önümüzdəki səhnədə böyük faciələrimiz hətta zərrəbinlə zorla seziləcək qədər mikro zərrəciklərədək aşağılanır; Qələbəmiz (Lələ) təpə, sevincimiz Cocuq (Mərcanlı) sevincinədək üyüdülür. Çünki onlar çoxbucaqlı qəlibə sığınmış, ailə qayğılarından başqa heç nəyə yaramayan “fərasətli ər”, “fədakar ata” rolunun peşəkar ifaçılarıdır – girov saxlanılan doğmalarının tox qarnından ötrü hətta dedikləri sözü belə iştahla yeyirlər...)
Məxfi konformizmin qismən aşkar nümunələri üçün ixtisaslaşmış tunel də məhz bu ev-eşik, arvad-uşaq qəhrəmanlarının gizli metropoliyasında – sizə təqdim edəcəyim növbəti tabloda qazılır. Və dərhal belə bir mütləq fikir təlqin edilir ki, bu tunel ən müqəddəs dəyərlərini, dədə-baba yurdunu itirmiş adamların gedə biləcəyi yeganə yoldur! Üstəlik, XXI əsrin iyrənc Bakı yataqxanaları XX əsrin qürurlu Qarabağ bəyzadələrini necə həzmeyi-giramidən keçirdisə, sonradan onların çoxu yenə də eyni məkanda qət-təzə göydələnlərin hər kvadrat metri uğrunda döyüşə atılan qət-təzə qəhrəmana çevrildi!..
Yeri gəlmişkən, bu cür göydələnlərin növbəti tablodakı rəsmində iki-üç otaqlı mənzilə görə öz namusunu rəsmən tərk edən bir media mənsubunu görürük! O bizi daha sanballı, daha tragik bir sualla üz-üzə qoyur: İki-üç otaqlı mənzilə görə öz namusundan imtina edən bir media mənsubu, görəsən, bu Vətənin namusunu neçə kvadrat metrə satar!!?
Biz sizinlə virus pandemiyasının ciddi nəzarəti altında görüşürük! O yeni Azərbaycan insanının yeni əxlaqını yeni portretlərilə indeksləşdirir və möhtəşəm kəşflərilə meydan sulayır, hegemonluq edir, həyacan dolu qorxulu anlar yaşadır. Ancaq şəxsən mənim fikrimcə, birgə addımladığımız bu anlarda öz xaotik təhdidlərilə sərgi iştirakçılarını inadla sinəsindən geriyə itələyən, dördkünc çərçivəsinə yaxın buraxmayan adamlardan artıq qorxmamalıyıq. Çünki daha diqqətlə baxsaq, bu adamların əslində bir-birini dürtməliyə-dürtmələyə, tapdalaya-tapdalaya 190 manata doğru dartındığını görəcək və onların tükənməyən sırasını qaraçı taboruna bənzətdiyimizə görə xəcalət çəkəcəyik. Çünki bu portretin əsl müəllifləri ölkənin ən böyük şəxsinin ən böyük etmad göstərdiyi ən böyük adamlardır! Fırça onların əlindədir! Yetimin-yesirin payına göz dikən, yetimin-yesirin sonuncu ümidinə tamah salan adamların!
Bu yerdə hətta molbertlər belə rənglərin total hücumuna tab gətirmir, tematik tabloların ağırlığına dözmür. Onsuz da hər tərəfimiz monumental rəngkarlıq, boyakarlıq və freska sənətinin ən yeni və orijinal nümunələrilə doludur: rəngarəng mozaikalar, ornamentli və süjetli kompozisiyalar, bir sözlə, vitrajlarla interyerlərin daxili harmoniyası necə heyrətamiz bütövlük yaradırsa, bu adamların hətta şəhid qanı ilə alver etməsinə təəccüblənmirsən. Mübariz İbrahimovun adını daşıyan küçə beş ildə beş dəfə sökülüb-tikilib! Ancaq yenə də tamamlanmayıb! Çünki bu beşqat “fədakarlığın” müəlliflərində Milli Qəhrəmana – Vətənə qarşı bir milli qram da sevgi olmayıb! Çünki bu beşqat “fədakarlığın” müəlliflərinin gözü hələ doymayıb, nəfsi hələ toxtamayıb!!!
Ona görə də virus pandemiyasını – xalqın başı üstünü almış faciəni də toy-bayramla qarşılayacaqları, əllərinə düşmüş növbəti fürsət kimi dəyərləndirəcəkləri gözlənilən idi. Hələ bu harasıdır! Dövlətin aztəminatlı ailələrə ayırdığı maddi yardımı almaq istəyənlərin ön cərgəsində dayananlar da bu, məmur cildinə girmiş maklerlərin yerlərdəki emissarlarıdır! Oradan gələn, qulağımıza çırpılan, qafamızın ətini yeyən kilsə zənginə bəzər səslər isə bu məqamda daha çox “əcəl zəngi”ni xatırladır və diqqətimizi yenə də ön sıralarda dayananların üzərində fokuslayır. Biz yalnız bundan sonra o adamların cibindəki açarların növbəti təqdimatı ilə tanış olmaq imkanı qazanırıq. Baxın, sinəsini hamıdan irəli verən o adamın 49 mənzili var! Qırx doqquz mənzili var! Amma ləyaqəti yoxdur! Vicdanı yoxdur! İnsanlığı yoxdur!
Qırx doqquz mənzili var! Amma heç nəyi yoxdur! Bu adamların dayandığı yerdən yağmalanmış Vətənimə baxanda elə bilirəm ki, ölmüş ceyranı balaları əmir...
Bu arada xalqın müdafiəsinə qalxmış Prezidenti müdafiəsiz görmək əzabıma da öz əlimlə imza atıram. Axı O, həm də mənim Ali Baş Komandanımdır! Axı mən, həm də Onun əsgəriyəm! Sədaqət andım var!
...Son vaxtlar dostlarımdan “ehtiyatlı ol”, “özünü qoru” kimi təhlükəli mesajlar alıram və etiraf edirəm ki, məni hər şeydən çox qorxudan ürəyimin etibarını itirməkdir. Mən ürəyimin etibarını itirməkdən qorxuram. Axı o heç vaxt yalan danışmır! Axı insan ruhu yalnız həqiqət haqqında düşünəndə dinclik tapır! Bu yazımı da elə onun – yaralı ürəyimin kədərli notları ilə bitirirəm (və bəri başdan ürəyimə yaxın insanlardan üzr istəyirəm, məni bağışlayın):
Bu əxlaqla heç qaraçılar da bizim qədər vətənsiz deyillər!..
İbrahim İBADOĞLU RÜSTƏMLİ
P.S. Pərdə, yalnız sonuncu replika səslənəndən sonra endiriləcək!..