Özbəkistanda Azərbaycan filmləri nümayiş olunub

Özbəkistanda Azərbaycan filmləri nümayiş olunub backend

Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində yaradılmış Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində Azərbaycan bədii filmləri nümayiş olunub.


QAZİLER.AZ saytı xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Kino günü”ndə Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzinin direktoru Gülbahar Aşurova Özbəkistanda Azərbaycanın bədii filmlərinə böyük maraq olduğunu bildirib və əlavə edib ki, bu günə qədər bir çox Azərbaycan bədii filmləri Özbək dilinə dublyaj olunaraq Dövlət Televiziyasında nümayiş etdirilib.

O, “Arşın mal-alan”, “Qayınana”, “Əhməd haradadır”, “Bir cənub şəhərində” və s. filmlərin hər il televiziya kanallarında göstərildiyini bildirib.

Tədbirdə tələbələr Azərbaycan ədəbiyyatından şeir və qəzəllər ifa ediblər.

Qeyd edək ki, “Azərbaycan kinosu günü”ndə “Dərviş Parisi partladır”, “Qayınana” bədii filmləri nümayiş olunub.
Diaspora