Millət vəkili Qənirə Paşayeva "Əl-Cəzirə" kanalına Azərbaycanda qadınların cəmiyyətdə rolu barədə geniş müsahibə verib.
QAZİLER.AZ saytının Lent.az-a istinadən məlumatına görə, I Avropa Oyunları ilə bağlı proqramlar hazırlamaq üçün ölkəmizdə səfərdə olan dünyaca məşhur "Əl-Cəzirə" kanalının çəkiliş qrupu millət vəkili Qənirə Paşayeva ilə görüşüb. Görüş zamanı Q. Paşayeva ölkəmizlə yanaşı, Azərbaycanda keçirilən tarixi bir hadisə I Avropa Oyunları barədə də danışıb. Açılış mərasiminin yüksək səviyyədə keçdiyini deyən çəkiliş qrupu Azərbaycanın çoxlu sayda medallar qazanmasını da xüsusi qeyd ediblər.Q. Paşayeva Azərbaycanda bu istiqamətdə daxil olmaqla bütün sahələrdə, o cümlədən qadınların cəmiyyətdə rolunun daha da genişləndirilməsi istiqamətində də məlumat verərək bu istiqamətdə qanunverici orqanda və ölkədə görülən işlərlə bağlı sualları cavablandırıb. Hər seçkidə həm Milli Məclisə, həm də bələdiyyələrə seçilən qadınların sayının artdığını deyən millət vəkili qadınların cəmiyyətdə rolunun artması, təhsili, məişət zorakılığı ilə mübarizənin dövlət siyasətində önəmli yer tutduğunu deyib.
Dünyanın bir çox bölgələrini narahat edən cinsi seleksiya mövzusu ilə bağlı suallara cavabında bu məsələ ilə bağlı qanunvericilikdə tədbirlərin öz əksini tapması ilə bərabər insanların maarifləndirilməsinə də böyük önəm verildiyini bildirən millət vəkili dünyanın hər bu qorxulu tendensiyaya qarşı sərt mübarizə aparılmasının vacibliyini bildirib. Əl-Cəzirə kanalı təmsilçilərinə ingilis dilində Qarabağ, Xocalı Soyqırımı ilə bağlı sənədli filmlər və materialları təqdim edən Qənirə Paşayeva bu həqiqətlərin dünyaya yayılmasında KİV-lərin üzərinə böyük bir məsuliyyət düşdüyünü deyərək bu mövzularda da geniş məlumatlar verib.
Çəkiliş qrupunu evində də qonaq edən millət vəkili onlara Azərbaycan adət-ənənələri barədə də danışıb və Azərbaycan mədəniyyəti, musiqisi ilə bağlı materialları da hədiyyə edib. Sonda kanal təmsilçiləri Azərbaycanda olmaqdan və onu daha da yaxından tanımaqdan məmnun olduqlarını deyib.