Bakıda I Avropa Oyunlarının keçirilməsi üçün gözəl şərait yaradılıb. Bu barədə Trend-ə I Avropa Oyunları çərçivəsində 10 metrdən hava tüfəngi ilə atıcılıq yarışlarında qızıl medal qazanan Belarus təmsilçisi Vitali Bubnoviç deyib.
O bildirib ki, mübarizə çətin olub: “Oyunlara çox güclü idmançılar gəlib, ona görə mübarizə çətin oldu. Son ana kimi London Olimpiya çempionu Nikolo Kamprianiyə məğlub olurdum və hər şeyi son atış həll etdi. Həmin anda böyük sevinc hissi yaşadım”.
V.Bubnoviç Bakıda idmançılar üçün yaradılmış şəraiti bəyəndiyini qeyd edib: “Atletlər kəndi, Bakı Atıcılıq Mərkəzi çox xoşuma gəldi. Avropa Oyunları kimi böyük miqyaslı tədbirlərin keçirilməsi üçün çox yaxşı şərait yaradılıb. Yaxın günlərdə Bakı ilə daha yaxından tanış olmağı planlaşdırıram”.