Bu gün ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanı keçirilir.
QAZİLER.AZ saytı xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün iş yerinin dəyişdirilməsi üzrə elektron ərizəsi qəbul olunmuş namizədlər üçün Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında test imtahanı təşkil edilib. İmtahanda iştirak edərək yer dəyişmək hüququ qazanmış müəllimlər sabah eyni ünvanda müsahibədə iştirak edəcəklər.Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul 2015-ci il tarixlərində aparılacaq.
Qeyd edək ki, 10 gün davam etmiş elektron ərizə qəbulu dövründə 3216 nəfər (94%) Azərbaycan bölməsi, 209 (6%) nəfəri rus bölməsi olmaqla, 3425 nəfər müsabiqədə iştirak etmək üçün müraciət edib. Yerdəyişmə üçün müraciət edənlərin əksəriyyəti (63%) İbtidai sinif (22%), Azərbaycan dili və ədəbiyyat (12%), Riyaziyyat (10%), İngilis dili (10%) və Tarix (9%) müəllimləridir. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 1303 nəfərin ərizəsi təsdiq olunub.