Avropa Oyunlarından sonra Şuşaya gedirikmi?

Avropa Oyunlarından sonra Şuşaya gedirikmi? backend
Düşmən işğal altındakı Ağdamın Sarıcalı, Kəngərli və Qaraqaşlı kəndlərinə yenə od vurub. Daşını, torpağını illərdir yandırırlar, az qala adət etmişik bu yanğınlara. Ancaq düşmənin budəfəki şərəfsizliyi o zaman baş verir ki, 25 nəfərlik Ermənistan nümayəndə heyəti Avropa Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.

Erməni idmançılar özləri də deyib ki, Bakıda tam təhlükəsiz şəraitdədirlər, nə onları yandıran var, nə yaxan. Bu, Azərbaycanın davranışı, mədəniyyət nümunəsi, böyüklüyüdür.

Ermənistan bayrağının Azərbaycan paytaxtında dalğalanmasına etirazlar, düşmən ölkənin idmançılarının burdakı yarışlara qatılmasına sərt münasbət başadüşüləndir. Bizim millət olaraq ürəyimiz yaralıdır, torpağımızın böyük bir parçasını qəsb etmiş düşmənin paytaxtımızda sərbəst dolaşmasını sinirmək çox çətindir. Şəhid ailələrinin gözünün yaşı qurumayıb, qaçqınlar, məcburi köçkünlər yurd həsrətindədir. Dilqəmlə Şahbazın Şuşa türməsində əzab çəkdiyi bu günlərdə ermənilərin Bakıda sərbəst gəzməsinə təpkiləri də anlamaq olar. Etirazçılar da qəbul etməlidir ki, biz beynəlxalq birliyin bir parçasıyıqsa, onun qayda-qanunlarına da hörmətlə yanaşmalıyıq – ermənilərdən fərqimizi göstərmək üçün.

Ermənilərin Bakıya gəlməsinə imkan vermək o demək deyil ki, biz Qarabağdan vaz keçəcəyik. Elə açılış törənində “Sarı gəlin”, “Qarabağ şikəstəsi”nin səslənməsi, stadiona məşəli məhz Qarabağ qazisinin gətirməsi məhz bu demək idi. Odur ki, dünya bizdən Qarabağ güzəştini gözləməməlidir. Necə ki, “futbol diplomatiyası” Ankara-İrəvan münaibətlərini dəyişə bilmədi.

Avropa Oyunları bizimçün həm də bir test oldu: özümüzü, içimizi, dost-düşmənimizi, Avropanı…tanımağımız üçün. Avropa ölkələrinin liderləri Azərbaycan daxilindəki vəziyyəti əsas gətirib yarışları boykot etdilər. Məgər Azərbaycanda vəziyyət indi dəyişib, Fransa prezidentləri Bakıya gələndə bilmirdilər durumumuz necədir? Belə çıxır ki, günün birində “12-ci qızıl ordu” Azərbaycana girsə, o halda da boykot olunacaqdıq?!

Yoxsa Merkel Azərbaycan qazı haqqında bəlağətli sözlər deyəndə, onu Rusiyanın alternativi sayanda siyasilərin həbsindən bixəbər idi? TAP, TANAP, Nabukko müzakirələrində heç Bakını boykot etmək yada düşmürdü axı. Yoxsa nə baş verdi Azərbaycan böyük paralar xərcləyib cəmi 2 ilə böyük yarışlara ev sahibliyi etmək haqqı qazandı və Avropa onu Rusiya ilə baş-başa buraxdı?

Bu, yalnız insan haqları, demokratiya məsələsi deyil. Sadəcə Azərbaycanı odun içinə atmaq istəyirdilər. Riqa sammitində hansısa bir sənədi imzalatdırmaq, sonra da məşəli Rusiyanın əlinə verib Azərbaycanı yandırmaq istəyirdilər, Ukraynasayağı. Bəlkə də erməni lobbisinin planıydı. Oyun baş tutmadı. Ancaq Bakı yenə ehtiyatlı olmalıdır, Kremlə çox yaxın getmək də risklidir.

Eyni zamanda Avropa dəyərlərindən də imtina etməməliyik, onun brend markalı məhsulları kimi. Ölkə daxilində atılmalı addımlar da var. Möhtəşəm ev sahibliyindən dərhal sonra böyük bir əfv verilsə, çox gözəl olar… Avropa da görər ki, Azərbaycan onunla ultimativ dildə danışanların yox, vətəndaşlarının sözünü eşidir, onun rəyinə hörmət edir.

Avropa Oyunlarından sonra bizim toplum olaraq Qarabağ zirvə toplantısına da ehtiyacımız var. Artıq qərar vermək zamanıdır. Dünyanın hər üzünü gördük, erməniləri birgə idman da islah etmir, 23 il sonra bir də şahid olduq. Qarabağ döyüşçülərinin bununla bağlı Ali Baş Komandana müraciəti gözlənilir. “Qarabağ uğrunda savaş” müraciəti hər kəsdən gəlməlidir. Bu, bizi birləşdirəcək yeganə hadisə olar. O zaman Avropa Oyunlarında Azərbaycan bayrağının ucalmasına sevinməyənlər, sevinənləri ittiham edənlər də səhvlərini anlayacaqlar. Bu yarışlarda hər dəfə Azərbaycan bayrağı ucalanda ürəyimizdən bir arzu keçdi: kaş bayrağımız tezliklə Qarabağda da dalğalanaydı, görün necə gözəl olardı!

Avropa paytaxtlarının vecinə deyil Şuşada kimin bayrağı dalğalanacaq. Odur ki, öz seçimimizi etməliyik, Avropa dəyərlərinə hətta avropalıdan da çox sahib çıxmaqla Vətən uğrunda mübarizə üçün səfərbər olmalıyıq. Necə ki, 2 illik hazırlıqdan sonrakı açılış törəni ilə Avropanı mat qoymağı bacardıq. 23 illik hazırlıq məntiqlə bizi Qarabağa aparmalıdır. Dünyanı yenə mat qoymaq olar. Açılış mərasimi də sübut etdi ki, bizim Böyük Qələbəyə ehtiyacımız var. Sevinc tamarzısıyıq…Bütün yollar, bütün oyunlar, döyüşlər bizi Şuşaya aparmalıdır, aparacaq, inaşallah!

musavat.com
Diaspora