“Bu gündən bütün hərbi hissələrdən həqiqi hərbi xidmət müddətini başa vuran əsgərlər mütəşəkkil şəkildə Müdafiə Nazirliyi tərəfindən təşkil olunmuş nəqliyyat vasitələri ilə evə dönürlər. Baxmayaraq ki, rayonlararası giriş-çıxış məhdudiyyəti var.
Ancaq yenə də valideynlərin gözü yoldadır. Bunu nəzərə alaraq Müdafiə Nazirliyinin rəhbərliyi və digər Silahlı Qüvvələrdə xidmət edən həqiqi hərbi xidmətdə olan müddəti bitmiş hərbçilər evlərinə çatdırılırlar”.Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ş.Ramaldanov xatırladıb ki, əsgərin xidməti yerdə cib telefonundan istifadəsi qadağandır: “Nizamnamədə də bu barədə nə isə yazılmayıb. Onların asudə vaxtlarını düzgün keçirməsi üçün müxtəlif şərait yaradılıb. Hərbi hissələrdə xüsusi otaqlar yaradılıb. Burada kitab oxuya, məktub yaza, televizoru izləyə, idman edə, mədəni və digər fəaliyyətlərlə məşğul ola bilərlər.
Boş vaxtlarını maraqlı keçirməsi üçün əsgərlər üçün bütün şərait yaradılıb. Əsgərlərin gündəlik fəaliyyəti Nizamnamə əsasında müəyyənləşir. Karantin dövründən əvvəl əsgərlərin həftəsonları valideynləri ilə görüşməsi üçün buraxılış məntəqəsində şərait yaradılırdı. Eyni zamanda Müdafiə nazirinin əmrinə əsasən, mütəmadi olaraq bayram vaxtı "Açıq qapı" günləri keçirilirdi. Bu da əsgər-valideyn görüşlərinə şərait yaradırdı”.
Polkovnik vurğulayıb ki, hazırkı karantin vəziyyətinə, virusa yoluxma ehtimalına görə hərbi hissələrdə valideyn görüşlərinə qadağa qoyulub: “Bu da müvəqqətidir. Bunu həm şəxsi heyət, həm də valideynlər başa düşür. Telefonla danışıb-danışmamaq şəraitə təsiretmə meyarı deyil. Bu gün orduda bütün hərbçilərin şəraiti yüksək səviyyədədir. Mən əslində bunu məhdudiyyət kimi qiymətləndirmirəm. Xidməti yer olduğuna görə əsgər, gizir, zabit - bütün şəxsi heyət xidməti vəzifələri ilə məşğul olmalıdır. Əgər ailə bağlı hər hansı bir problem varsa, nizamnaməyə uyğun olaraq komandirlərinə müraciət edir. İndiyə qədər ailə məsələsi ilə bağlı heç bir əsgərin, kursantın müraciətinə rədd cavabı verilməyib.
Bu gün mülki həyatda belə çölə SMS vasitəsilə çıxırıqsa, hərbi hissələrdəki vəziyyət daha başadüşülən olmalıdır. Bütün məhdudiyyətlərin yeganə məqsədi təhlükəsizliyin təmin olunması, əsgərlərin qorunmasıdır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov isə deyib ki, sosial şəbəkələr müəyyən mövzuları istismar edir: “Buna yol verənlər hadisələri manipulyasiya edərək ictimai mənafelərimizin əleyhinə addım atmış olurlar”.
O bildirib ki, koronavirus pandemiyasına görə həyatın bütün sahələrində tətbiq olunan məhdudiyyətləri başqa mənaya yozmaq Azərbaycan dövlətinin və xalqının ümumi mənafeərinə, ictimai təhlükəsizliyinə zərbə vurmaqdır:
“Azərbaycan Ordusu ölkənin təhlükəsizliyini təmin edən, sərhədlərinin keşiyində duran təsisatdır. Ona görə belə bir mürəkkəb vəziyyətdə ordunun qoruması ən ümdə borcumuzdur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordudan tərxis müddətinin bir ay uzadılması ilə bağlı sərəncam imzaladı. Bu o deməkdir ki, paralel olaraq orduya çağırışın da müddəti bir ay uzadıldı. Mən düşünürəm ki, bu, ilk qabaqlayıcı mühüm tədbirdir. Nəticəsi də effektiv oldu. Çünki bilirik ki, hazırki mərhələdə koronavirus insan mübadiləsi vasitəsilə daha çox yayıla bilər. Ona görə də bu proses mülki həyatla ordu həyatı arasında özəməxsus izolyasiya yaratdı. Hazırda Azərbaycan Ordusunun hər bir təsisatı var. Orduda səhiyyə xidmətləri əlçatandır, təminatı yüksək səviyyədədir. Daxili qayda da müvafiq tədbirlər həyata keçirilib. TƏBİB ilə birlikdə həkim komplektləşdirilməsi potensial mümkün təhlükəyə qarşı aparılıb. Müvafiq gigiyenik qaydaların daha da gücləndirilməsi ilə bağlı xüsusi işlər görülüb. Əsgərlərin temperaturlarının ölçülməsi ilə bağlı gündəlik termometriya aparılır. Bu da təhlükənin əvvəlcədən müəyyən olunması üçün lazımlı prosesdir”.
Komitə sədrinin müavini bildirib ki, əsgərlərin, hərbi təhsil müəssisələrində təhsil alan kursantların öz ailələri ilə görüşmələrinə qoyulan məhdudiyyətlər yalnız onların təhlükəsizliyinin təmin olunması üçündür:
“Hazırda biz elə bir şəraitdəyik ki, nəinki əsgərlərin öz ailələri ilə görüşməsində, hətta sivil həyatda da sosial məhdudiyyətlər yaranıb. Bu vacib məqamı nəzərə almaq lazımdır ki, bu əsla hüquqların məhdudlaşdırılması deyil, vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün görülən tədbirlərdir. Hətta biz bu tədirləri yüksək qiymətləndirməyik. Biz bilirik ki, həyatımızın bütün sahələrində tətbiq olunan məhdudiyyətlər yalnız hamımızın təhlükəsizliyimizin qorunmasına hesablanıb. Ona görə də bunu başqa mənaya yozmaq ümumi mənafeərimizə, ictimai təhlükəsizliyimizə zərbə vurmaqdır. Belə halları qınayıram”.