Polkovnikin məktubu: Həlledici döyüşə atılın!

Polkovnikin məktubu: Həlledici döyüşə atılın! backend

(Birinci məktub)

Əziz şagirdlərim! İcazə verin budəfəki söhbətimizə həmişə qarşınızda çəkinmədən etiraf etdiyim sadə və səmimi həqiqətimi yenidən diqqətinizə çatdırmaqla körpü atım: Az qala bir qərinəlik ordu həyatından sonra ünsiyyətdə olduğumuz qısa müddət ərzində sizə öyrətdiklərimdən çox, sizdən öyrəndim.

Siz bütün ömrüm boyu rastlaşdığım ən böyük hadisə, ən mükəmməl yenilik kimi qarşıma çıxdınız və “sehrli çubuğunuzla” buvaxtadək formalaşmış dünyagörüşümün, həyat təcrübəmin və intellektimin altını üstünə çevirdiniz. Bununla da daim ağır sınaqlar, ağlagəlməz haqsız ittihamlarla mübarizə şəraitində ötən ömrümə yeni bir çalar, yeni bir rəng qatdınız.

Yaddaşımı hər gün daha çox zəbt edən bu yeniliklər, bu hadisələr məndən ötrü hətta Xristofor Kolumbun Amerikasından, Albert Eynişteynin “Nisbiliyin”dən, Tomas Edisonun möcüzəli “işığından” da böyük kəşfdi. Keçdiyiniz ibrətamiz dərsə, verdiyiniz önəmli mesajlara görə hər birinizin əlini sıxıram! Çünki bu mesajlarda əsl müəllimlərə və şəxsən mənə indiyədək bilməli və araşdırmalı olduğum mətləblərdən danışılır. Çoxdan kölgədə qalmış, unudulmuş və toz basmış mətləblərdən.

Müharibə həqiqətlərini öz gözlərilə görmüş bir ordu zabiti kimi bunu həm də sizin saf və inadkar ruhunuzun səssiz üsyanı adlandırmaqdan çəkinmirəm. Adi görüşlərimizin birində arxa partada əyləşmiş zavallı qızcığazın – sinif yoldaşınızın gizli hıçqırtılarını xatırlayırsızmı?! Əgər yanaqlarından süzülən göz yaşlarını öz gözlərimlə görməsəydim, o qızın ağladığına da qiyamətədək inanmazdım! Mən onda ilk dəfə başa düşdüm ki, bu ruhi çırpıntıları duymayanların – evdə valideynlərinizin, məktəbdə müəllimlərinizin sizi öz təsəvvürlərində cızdıqları çərçivələrə və bu çərçivələrdəki yabançı obrazlara sırımaq cəhdi, əslində, böyük bir insanlıq suçudur. Mən hələ səssiz repetitorluq savaşının amansız qladiatorlarından danışmıram. Bu savaşda “itirilənlər” – “itirənlərin” solaxay sualları çəkic kimi qafasına vura-vura “döyüb öldürdüyü” günahsız qurbanlarıdır! Üstəlik, standart dərsliklər, standart proqramlar, standart suallar və cavablar da gerçəkdə yeriyən, danışan və düşünən robotların ancaq bir az üst qatda dayanan daha müasir nümunələrini yaradır.

Bu sırada sonuncu şansımız – balaca-balaca dərnəklər isə böyük-böyük adamların “qılıncının altından keçmək” kimi təhlükəli “uçurumlardan” “sığortalanmaq” vasitəsinə çevrilib. Özü də lap çoxdan.

Əziz dostlarım!

Sizi öz təsəvvürlərində canlandırdıqları kimi görmək istəyənlər, əslində, bizim daha məzmunlu, daha parlaq, daha özgür və mükəmməl gələcəyimizi ağzı bürmələnmiş dar və qaranlıq heybələrdə boğanlardır. Onlar hələ lap kiçik yaşlarınızdan maraq və empatiya duyğunuzun qəsdinə duranlar, amma sizi hamıdan, hətta özündən də çox sevənlər, nəhayət, sizi sevə-sevə öldürənlər, oxşaya-oxşaya dəfn edənlərdir.

Bu, dəyəri milyardlarla ölçülən bir incini qəpik-quruşa satmaq, bir qarın quru çörəyə dəyişmək qədər misilsiz rəzillik, bağışlanmaz gerizəkalılıqdır.

Bəli, bizim günahlarımız peşəkar bir qatilin öz qurbanını acımasızcasına qətlə yetirməsindən də ağır və dəhşətli cinayətdir. Çünki söhbət böyük bir xalqı öz çiyinlərində gələcəyə daşımalı olan bütöv bir nəslin taleyindən gedir. Çünki biz biliyin təşkilində yardımçınız olmaq əvəzinə, hələ də sizlərə ötürülən bilikləri öyrətməklə başımızı qatırıq və bununla da işimizi bitmiş sayırıq. Çünki biz “düşünmək”, “düşüncə işgüzarlığı”, “çevik düşüncə tərzi”, “sual vermək və verilən suallara cavab tapmaq” mədəniyyəti aşılamaq kimi son dərəcə strateji məsələlərdə ağsayırıq. Ona görə də aksentimiz hansısa xarici ölkə vətəndaşının bizim doğma dilimizdə danışması qədər kobud və anlaşılmaz təəssürat oyadır. Nəticədə sizlərin öz şəxsi düsturunuzun yerində çox vaxt sonsuzadək bir cüt çarpaz xətt – məchul dayanır, sizin şəxsi tənliyinizin həlli cavabsız qalır!

Bizim “səhv düşən yerimiz” sizin “səhv düşən yerlərinizə” etap olunur. Günahlarımızın sərhəddi iqtisadçı olmaq istəyən müəllimlərimizlə, mühəndis olmaq istəyən həkimlərimizlə, baytar olmaq istəyən hakimlərimizlə, əkinçi olmaq istəyən alimlərimizlə bitsəydi, nə vardı ki!

Siz həm də ali təhsilin dəbə çevrildiyi nadir ölkələrdən birində yaşayırsınız. Burada valideynlər sonradan öz evlərinin toz basmış bir küncündə eksponat kimi qoruyub saxladıqları, bəzən sonsuzadək yalnız dərin təəssüf və kədər hissi doğuran diplomlardan ötrü dəridən-qabıqdan çıxırlar. Bu adamların mütləq əksəriyyəti təhsil haqlarına görə çox vaxt ömrünün sonunadək bank kreditlərinin altında can verir, son nəfəsinədək yaxasını qonum-qonşunun borcundan qurtara bilmir...

Əzizlərim! ÖZünüzə, öz MƏNinizə doğru aparan yollarda tənha addımlamağınız çağdaş dünyamızın, elə çağdaş təhsilimizin də siması üçün ideal illüstrasiyadır. Əgər onun alt qatlarında adi gözlə görünməyən neqativləri müəyyənləşdirə bilsəniz, dörd tərəfinizdə keçilməsi o qədər də asan başa gəlməyəcək barrikadalarla üzləşəcəksiniz. İllərlə üst-üstə qalaqlanmış bu maneələri kövrək çiyinlərinizlə dəf etmək çətin olacaq. Amma bilin və heç vaxt yadınızdan çıxarmayın: Sizi özünüzə tanıdacaq, öz məninizlə görüşdürəcək və uğura qovuşduracaq yeganə yol bu barrikadaların yarıldığı nöqtədən başlayır.

Cəsarətli olun! Həyatınızın ən böyük savaşına atılın! Və unutmayın: ömrünüzün sonrakı dönəmlərindəki heç bir savaş bu savaş qədər həlledici olmayacaq! Çünki gələcəkdə qazanacağınız bütün qələbələrin növbəti sırasını məhz bugünkü döyüşün taleyi müəyyənləşdirəcək! Özünüzü tapanadək axtarın! Özünüzü kəşf edin! Özünüzə sahib çıxın! Öz həyatınızın qəhrəmanlıq salnaməsini yaradın!

Dərin hörmətlə, sizin döyüş dostunuz

İbrahim Rüstəmli
axar.az
Diaspora