Dünyanı bürümüş koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da müxtəlif tədbirlər görülür.
Artıq aprelin 5-dən ölkəmizdə rəsmən karantin rejimi elan olunub. İnsanların hərəkəti qismən məhdudlaşdırılıb. Buna görə də aztəminatlı ailələr üçün müəyyən ərzaq çatışmazlığı yaranıb. Bunun qarşısını almaq üçün dövlət müxtəlif tədbirlər görür. Dövlətlə yanaşı iş adamları, imkanlı şəxslər ərzaq bağlamaları hazırlayaraq aztəminatlı ailələrə verirlər.Bu hal Ağdam rayonunda da davam etdirilir. “Qarabağ qaziləri” birliyinin Ağdam filialının sədri Şamil Əbilovun QAZİLER.AZ saytına verdiyi məlumata görə, Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə ehtiyacı olan Qarabağ əlillərinə və Şəhid ailələrinə də ərzaq yardımı edilib: “Əslinə qalsa Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayona rəhbərlik etməyə başlayandan döyüşçülərə, şəhid ailələrinə həmişə, imkan daxilində, diqqət və qayğı göstərib. Müxtəlif bayramlarda, əlamətdar günlərdə Qaziləri, şəhid ailələrinə ərzaq yardımı göstərir. Bundan başqa ehtiyacı olduğu halda tərəfimizdən edilən müraciət əsasında döyüşçülərə maddi yardım da göstərib, bir çoxuna həyətyanı torpaq sahəsi verib. Rayonda dövlət tərəfində Qarabağ əlillərinə, Şəhid ailələrinə tikilən fərdi mənzillərin tikintisinə də şəxsən özü ciddi nəzarət edir. Ağdamda fəaliyyət göstərən “Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları ictimai birliyinin”, “Qarabağ qaziləri” birliyinin Ağdam rayon filiallarının rəhbərləri ilə tez-tez görüşür, Qazilərin, veteranların, şəhid ailələrinin vəziyyəti ilə maraqlanır. Əlindən gələn köməkliyi göstərir. Bilirsiniz, Ağdamın böyük bir hissəsi düşmən işğalındadır, hazırda Azərbaycanın nəzarətində olan qəsəbə və kəndlərdə 90 mindən artıq insan yaşayır. Bunların əksəriyyəti min bir dərdi-səri olan, yurdundan didərgin düşmüş məcburi köçkünlərdir. Bundan başqa minlərlə şəhidi, Qazisi, veteranı var Ağdamın. Onu da başa düşürük ki, bu qədər qayğıya ehtiyacı olan insanların problemini tam həll etmək çətin məsələdir. Hamını razı salmaq çox müşgül işdir. Amma şəxsən biz “Qarabağ qaziləri” birliyi Vaqif müəllimin fəaliyyətindən çox razıyıq. O, həm də çox vətənpərvər və ziyalı insandır!”- deyə, Ş.Əbilov bildirib.
Əldə etdiyimiz məlumata görə, ağdamlılar da bu çətin günlərdə başqa xeyirxah əmələ imza atıblar. Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Quzanlı qəsəbəsində fəaliyyət göstərən “AĞDAM MARKET”-də “Ehtiyacın var götür, imkanın var əlavə et!” aksiyası başladılıb. Burada imkansız, ehtiyacı olan sakinlərin pulsuz ərzaq əldə etməsinə yardımçı olurlar. Aksiyanın məqsədi aztəminatlı ailələri, kimsəsiz və tənha həmvətənləri pulsuz ərzaqla təmin etməkdir. İndi bir çox ailələr, vətəndaşlar bu xeyirxah təşəbbüsdən bəhrələnirlər.
“Qarabağ qaziləri” birliyi Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova Qarabağ əlillərinə və Şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirir!
QAZİLER.AZ