Xəbər verdiyimiz kimi Şanlı aprel döyüşlərində şəhid olan hərbçilərimizin valideynləri dəfələrlə bizimlə müsahibə zamanı Bakıda aprel şəhidlərinin xatirəsinə bir abidə ucaldılması arzusunda olduqlarını bildiriblər.
Şəhid valideynləri deyib ki, hər il onlar məhz bu abidə önündə toplaşaraq həm şəhidlərimizi yad etmək, həm də həmrəy olmaq istəyirlər.Bəs görən belə bir abidənin ucaldılması mümkündürmü?
Moderator.az-ın sualını millət vəkili, yazıçı Aqil Abbas cavablandırıb və o, belə bir abidənin ucaldılmasının gələcəkdə mümkün ola biləcəyini deyib:
“Düşünürəm ki, təkcə aprel şəhidlərimizin valideynlərinin xətrinə deyil, ümumiyyətlə, şəhidlərimizin, millətimizin xətrinə belə bir abidənin ucaldılması mümkündür. Sadəcə indi bilirsiniz ki, koronavirus pandemiyasına görə karantin rejimi elan edilib və bundan sonra söhbətə qayıtmaq olar. Məncə, bu təşəbbüs müsbət qarşılanar. Bəlkə də hökumətin belə bir fikri var, biz bilmirik. Gələcək üçün hətta Milli Məclisdə də belə bir təşəbbüs irəli sürmək olar.
Ermənilər aprel döyüşlərindən film çəkdi dünyaya təqdim etdi, amma biz hələ gecikirik. İTV aprel döyüşləri haqda “Dörd gün” adlı serial çəkirdi, amma hələ ki, xəbər yoxdur. Hansı ki, 1 apreldən efirlərdə təqdim olunmalıydı. Yəqin ki, karantin rejiminə görə çəkilişlər dayandırılıb. İnanıram ki, yaxşı bir film olacaq, çünki orda tanıdığım aktyorlar iştirak edir”.