Aprelin 28-də Zakir Qaralovun baş prokuror vəzifəsinə təyinat almasının 20-ci ili tamamlanacaq.
Bu ərəfədə Zakir Qaralovun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsinə Xanlar Vəliyev yenidən təyin edilib.Qeyd edək ki, Xanlar Vəliyev 2005-ci ildən baş prokurorun müavini - hərbi prokuror vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir. O, “Azərbaycan bayrağı” ordeni, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilib.
Zakir Qaralov 25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının baş prokuroru vəzifəsində işləyir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasının sədridir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il , 29 sentyabr 2006-cı il və 28 sentyabr 2018-ci il tarixli Sərəncamları ilə “İgidliyə görə” medalı , “Azərbaycan bayrağı” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
Prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib. Qeyd edək ki, “Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan
Respublikasının baş prokurorunun səlahiyyət müddəti 5 ildir. Zakir Qaralovun baş prokuror vəzifəsində qalıb-qalmayacağına Milli Məclis qərar verməlidi. Xatırladaq ki, Milli Məclis Zakir Qaralovu bu vəzifəyə sonuncu dəfə 2015-ci ilin aprelin 28-də təsdiqləyib.
“Yeni Müsavat”