QAZİLER.AZ-ın məlumatına görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, müxtəlif dövlətlərin prezidentləri və baş nazirləri daxil olmaqla rəsmi nümayəndələr iştirak edirlər.
Avropa Oyunları iyunun 28-dək davam edəcək. Avropanın 6 mindən çox idmançısı 17 yarış günündə ölkələrini təmsil edəcək.
X X X
Üç yüzədək ifaçı səhnə ətrafındakı halqada görünür. Qədim tarixə malik miniatür sənətinin yaratdığı obrazlar səhnədə göründükcə halqanın ətrafı rənglə dolur. İfaçılar səhnəni göz önündə canlandırırlar. Halqa fırlanmağa başlayır. Miniatür rəsmlərdə təsvir olunan adamlar kuklasayağı hərəkətlər edirlər. Sanki rəsmdəki obrazlar cana gəlir. Nizami tamaşaçını yaradıcılığının doqquz mövzusu ətrafında səhnədən-səhnəyə aparır. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünür.
21:20
Son məşəlçi - iki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında birinci Avropa Oyunlarının məşəlini stadiona gətirir. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev onunla yanaşı addımlayır. Onlar mərkəzə doğru hərəkət etdikləri zaman ayaqları altında cadar-cadar olan torpaq görünür. Bu mənzərə palçıq vulkanları ətrafında Azərbaycan təbiətini göz önündə canlandırır.
Səid Quliyev stadionun mərkəzində qaya parçasını götürür və onun yerində çökəklik yaranır. İlham Zəkiyev tərəfindən çökəkliyə yaxınlaşdırılan məşəl sönür, çökəklik dolur. Torpaq üzərindəki çatlardan çıxan alov qığılcımlarının axını lavanı xatırladır.
Stadionun ortasından qaya parçası qaldırılır və gələcəkdə görüləcək işlərə işıq salmaq üçün birinci məşəl torpağa basdırılır.
Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf sürünür, ruh və ya holoqram kimi onu bürüyüb cana gətirir, oyadır. Həmin adam şair Nizamidir. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru var. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına aparır. Nəzərlər stadionun mərkəzində havadan asılmış iri tərəziyə yönəlir. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanır. Qadın fiqur gümüş lövhənin (Ay), kişi fiquru isə qızıl lövhənin (Günəş) üzərində rəqs edir. Onlar Leyli və Məcnunu rəmzləşdirir. Onlar dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirlər.
21:12
Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı qarış-qarış dolaşmış alovun səyahət marşrutu nümayiş etdirilir. Uzunluğu 700 metr olan, arena boyu dövrələnən paneldə LED lampaları vasitəsilə alovun səyahət etdiyi məkanların adları bir-bir yazılır.
21:10
Azərbaycan Dövlət Simfonik Orkestri dövlət himnini səsləndirir.
Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirilir.
21:07
Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşiblər. Oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri var.
21:05
Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yaranır. Səhnədən göyə fişənglər atılır. Şeypurda Dmitri Şostakoviçin “Bayram uvertürası”ndan bir parça səsləndirilir. Diqqət VİP-lojalara yönəlir və salamlama başlayır. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamlayırlar.
21:01
Gurultu eşidilir və stadiona bir anlıq sükut çökür. Bu sükutu dünya şöhrətli xanəndə Alim Qasımovun ifa etdiyi muğamın səsi pozur. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başlayır. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 illiyinə işarədir.
Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi zilə qalxır. Stadion gur işığa qərq olur və minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtür. Onların ətəkləri Azərbaycanın dünyaca məşhur xalılarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənib. Rəqqasələrin paltarlarının ətəkləri 16 min kvadratmetr parçadan tikilib. Bu, 13 Olimpiya üzgüçülük hovuzu böyüklükdə parça deməkdir. Hər ətək məxsusi olaraq səhnədəki yerinə görə işlənib.
21:00
Bu da çoxdan bəri səbirsizliklə gözlənilən, həyəcan və qürur doğuran tarixi an. Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi başladı.
20:56
Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı bir neçə dəqiqədən sonra unudulmaz tarixi anın şahidi olacaq.
Paytaxtın xəritəsinə yeni daxil olmuş Bakı Olimpiya Stadionu öz möhtəşəmliyi, əsrarəngiz gözəlliyi ilə hər kəsin diqqətini çəkir. Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olunacaq. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilib. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaradır. Səhnənin quraşdırılması üç aya başa gəlib.
Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər cəlb olunub.
Mərasimi hazırlayan bədii heyətin siyahısına qısa nəzər yetirək: Bədii rəhbər 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu kimi dünyada böyük şöhrət qazanan Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə “Operaların lentə alınması üzrə ECHO mükafatı” laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan “Flux Ofis” şirkətinin memar və yaradıcıları – Tanassis Demiris və Eva Manikadakidir. Onların memarlıq, teatr, opera, rəqs və kino sahəsindəki işləri Venesiya Memarlıq Biennalesi (2014), Venesiya Film Festivalı (Miss Violence, 2013) və digər beynəlxalq səviyyəli tədbirlərdə nümayiş etdirilib, mükafatlar qazanıb.