Azərbaycanda koronavirusun müalicəsi: “Son ümid kimi bu dərmanlardan istifadə edilir”

Azərbaycanda koronavirusun müalicəsi: “Son ümid kimi bu dərmanlardan istifadə edilir” backend

Azərbaycanda da koronavirusa yoluxan xəstələrin müalicəsi üçün əsasən malyariya əleyhinə işlənən preparatlardan istifadə olunur.

Cebhe.info xəbər verir ki, bunu baş infeksionist Cəlal İsayev deyib.

O bildirib ki, bu preparatlar bəzən yüksək effektivliyini göstərir, ancaq onların da yan təsiri var: “Bunların tam dəqiqliklə koronavirusa təsir etdiyi tam məlum deyil. Çünki kliniki sınaqdan keçirilməyib. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tam olaraq istifadəsi müəyyən edilməyib. Bu preparatlar ancaq öz sahələri üzrə xəstəliyə qarşı sınaqdan keçirilib. Bəzi xəstələrdə müsbət nəticə əldə olunub”.

“O halda bu dərmanlardan istifadə nə dərəcə düzgündür?” sualına cavabında baş infeksionist “Həmin dərmanlardan istifadə də müəyyən müsbət nəticələr var. Amma ÜST hələlik onları tövsiyə etmir. Çünki ətraflı tədqiqat aparılmır”,- cavabını verib.

O bildirib ki, Azərbaycanda da bəzən bu preparatlardan istifadə olunur: “ Bəzən xəstələrdə ağır gedişlər müşahidə olunur. Son ümid kimi bu dərmanlardan istifadə edilir. Ümumiyyətlə, xəstələrin sağalma şansı azdır. Əgər şans yüksək olsaydı İtaliyada, Çində yüksək göstəricili ölüm halı olmazdı. Amma bir məsələ də var ki, ağır gedişlər 15-20 faizdir. Bəziləri heç xəstəliyi hiss etmir. Qısa müddətdə temperatur olur. Koronavirusun özünü belə aparması insan orqanizminin xüsusiyyətindən asılıdır. İmmun sistemi güclü olanda xəstəlik yüngül keçir”.