”Eyni zamanda dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödənişin həyata keçirilməsi nəzərdə tutulub.”
Qazilər.az bildirir ki, bunu APA-ya açıqlamasında Baş Nazir tərəfindən təsdiqlənən tədbirlər planını şərh edən millət vəkili Vüqar Bayramov deyib.V. Bayramov bildirib ki, təsdiq edilən tədbirlər planında işləməyən vətəndaşlarımızla bağlı da istiqamət müəyyənləşdirilib:
“Xüsusilə də müvəqqəti məşğulluğun təmin edilməsi üçün koronavirusun aktiv olduğu dövrlərdə (güman olunur ki, bu dövr aprel və may ayları olacaq) 50 min vətəndaş üçün haqqı ödənilən iş yerlərini yaradılması nəzərdə tutulub. 2 ay müddətinə 50 min vətəndaşımız üçün sosial və ictimai iş yerləri yaradılacaq. Bu məqsədlər büdcədən 30 milyon manat vəsait ayrılıb. Eyni zamanda dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödənişin həyata keçirilməsi nəzərdə tutulub. Burada söhbət 200 min vətəndaşdan gedir. Bu istiqamətə dövlət tərəfindən 70 milyon manat vəsait ayrılacaq. Bu 2 ay müddətində həmin vətəndaşlarımıza 190 manat vəsaitin ödənilməsi təmin ediləcək. Eləcə də digər yəni büdcədən kənar olan İşsizliyin sığorta Fondundan BMT-nın İnkişaf Proqramı, eyni zamanda Dünya Bankı ilə birgə özünüməşğulluq proqramının genişləndirilməsi və daha çox vətəndaşımızın cəlb edilməsi nəzərdə tutulur. Bu da 11 min vətəndaşımızı əhatə edəcək və 70 milyon manat vəsaitin fonddan bu istiqamətə ayrılması nəzərdə tutulur. Eyni zamanda işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi və proaktiv təyinat mexanizmi yaradılması üçün də vəsait ayrılacaq. Bu xüsusilə də işsizlikdən sığorta alan vətəndaşlarımız üçün vacibdir. Burada 20 milyon manat vəsaitin də ayrılması nəzərdə tutulub. Ünvanlı dövlət sosial yardımın verilməsində də dəyişikliklər olacaq. Belə ki, ünvanlı sosial yardımın xüsusi karantin rejimi dövrü bitənədək bütün ailələrə verilməsinin davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımın təyinatının sadələşdirilməsi nəzərdə tutulub. Bu 62 min vətəndaşımızı əhatə edəcək. Burada məqsəd ondan ibarətdir ki, 62 min vətəndaşımız üçün hətta ünvanlı sosial yardım dövrü başa çatsa, belə karantin dövründə həmin müddətin uzadılması həyata keçiriləcək. Eyni zamanda ünvanlı sosial yardıma müraciət imkanları asanlaşacaq”.
Millət vəkili vurğulayıb ki, sosial baxımdan həssas əhali qrupuna aid olan ailələrin üzvü olan tələbələrin təhsil haqqı dövlət tərəfindən 2020-ci ildə ödəniləcək:
“Burada söhbət imkansız ailələrin üzvü tələbədirsə, həmin tələbənin təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək. Bu istiqamətə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Burada məqsəd ondan ibarətdir ki, həmin ailələrin təhsil haqqının ödənilməsi ilə bağlı problemi olarsa, həmin ailələrə dəstək olunacaq. Aprel və may aylarında həm də elektrik enerjisi ilə bağlı limitlər tətbiq olunacaq. Bu xərc də dövlət büdcəsi hesabına qarşılanacaq və bu istiqamətə 10 milyon manat vəsait ayrılacaq. Bu baxımdan tədbirlər planı daha çox aprel və may aylarında birbaşa dəstəyin, ödənişlərin ödənilməsi ilə müşahidə olunacaq.