VÖEN-lə işləyən ən kiçik sahibkar da yardım alacaq - MƏBLƏĞ

VÖEN-lə işləyən ən kiçik sahibkar da yardım alacaq - MƏBLƏĞ backend

“Elə vətəndaşlarımız var ki, onlar VÖEN-lə işləyirlər, yəni mikro və ya fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Həmin sahibkarlıq subyektlərinə də birbaşa yardımın həyata keçirilməsi nəzərdə tutulub”.

Qazilər.az bildirir ki, bunu APA-ya açıqlamasında Baş Nazir tərəfindən təsdiqlənən tədbirlər planını şərh edən millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili mikro və ya fərdi sahibkar kimi fəaliyyət göstərən vətəndaşların alacağı yardıma da aydınlıq gətirib:

“Elə vətəndaşlarımız var ki, onlar VÖEN-lə işləyirlər, yəni mikro və ya fərdi sahibkar kimi fəaliyyət göstərirlər. Həmin sahibkarlıq subyektlərinə də birbaşa yardımın həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılacaq. Yenə də 300 min vətəndaşımız bu vəsaitdən yararlana biləcək. Orta hesabla, hər bir VÖEN-lə işləyən vətəndaş üçün 267 manat vəsaitin ayrılması nəzərdə tutulur. Təbii ki, burada yenə də məbləğ mikro sahibkar kimi fəaliyyət göstərən vətəndaşlarımızın əvvəlki dövrdəki gəlirlərindən asılı olaraq dəyişə bilər. Çünki burada əsas meyar ondan ibarətdir ki, həmin mikro və ya fərdi sahibkar 2019-cu ildə vergi ödənişlərini, eləcə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş olsun. Əgər VÖEN-lə çalışan, yəni fərdi və ya mikro sahibkarlıqla məşğul olan vətəndaşımız 2019-cu ildə məcburi öhdəliklərini yerinə yetiribsə, vergi ödəyibsə və hesabatlar veribsə, o zaman həmin vətəndaşlarımızın məhz bu yardımdan faydalanmaq imkanlarına malik olacaq”.

V. Bayramov qeyd edib ki, eyni zamanda vergi güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur:

“Bu artıq aprel ayından başlayaraq, tətbiq olunacaq. Mikro sahibkarlar üçün sadələşmiş vergi üzrə müddətli güzəştin tətbiq edilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, mikro və ya VÖEN-lə işləyən sahibkarın illik dövriyyəsi 200 min manatdan çox deyilsə, o zaman sadələşmiş vergi subyekti kimi məhz güzəşt əldə edəcək. Eyni zamanda əmlak və torpaq vergisindən müddətli azadolmalar tətbiq olunacaq. Eləcə də vergi ödəyiciləri üçün mənfəət və gəlir vergisindən də güzəştin tətbiq edilməsi nəzərdə tutulur. Mikro sahibkarlıq subyektləri üzrə hesabatların verilməsi və eləcə də verginin ödənilməsi müddəti uzadılıb. Eyni zamanda burada xüsusilə pandemiyanın daha çox mənfi təsir göstərdiyi sahələr üzrə də vergilərin ödənilməsi müddətində güzəşt tətbiq ediləcək. Ölkəyə idxal olunan ərzaq və tibbi ehtiyaclar üçün zəruri olan bəzi məhsul növlərinin idxalında əlavə dəyər vergisinin müddətli şəkildə azad edilməsi nəzərdə tutulub. Eyni zamanda istehsal üçün idxal olunan xammal və eləcə də digər materialların da əlavə dəyər vergisinə də güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub. İcarə haqqına tutulan vergilər üzrə də güzəşt veriləcək. İcarə vergisinə də güzəşt tətbiq ediləcək. Eyni zamanda ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdə sığorta hesablarına görə faizlərin hesablanmasının müəyyən müddət təxirə salınması həyata keçirilir. Yəni əgər vergi ödənilməyibsə, və ya sosial sığortanın ödənilməsi ilə bağlı yubanmalar varsa, həmin yubanmalar üzrə faizlərin hesablanmasına müəyyən müddət güzəşt tətbiq olunacaq. O cümlədən Kredit Zəmanət Fondu inkişaf etdirilir. Burada daha çox sahibkarlıq subyektlərinə dövlət zəmanəti ilə kreditlərin verilməsi və eyni zamanda kredit faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Subsidiyalaşdırma nəticə etibarı ilə faizin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi anlamına gəlir. Bu istiqamətə də 20 milyon manat vəsait ayrılacaq. Sahibkarlığın İnkişaf Fondu vəsaiti hesabına kredit faizlərinin subsidiyalaşdırılması və eyni zamanda 2020-ci ilin 10 mart tarixində dövlət zəmanəti olmayan mövcud bank kreditlərinin faiz dərəcələrinin 1 il üzrə 10 %-nin subsidiyalaşdırılması nəzərdə tutulub. Yəni sahibkar 2020-ci ilin martın 10-dək biznes kredit cəlb edibsə, onun kredit faizi məsələn, 14 %-dirsə, o zaman həmin faizin 10 %-ni dövlət, yalnız 4 %-ni sahibkar ödəyəcək. Bunun üçün də bütövlükdə 50 milyon manat fond tərəfindən vəsaitin ayrılması nəzərdə tutulub. Güzəştli ipoteka kreditlərinin həcmində artımlar olacaq. Bu istiqamətə 90 milyon manat vəsait ayrılacaq və vətəndaşlarımız güzəştli ipoteka kreditlərindən istifadə etməklə, mənzil problemini həll etmiş olacaqlar. Bu vətəndaşlarım mənzil probleminin həlli və eyni zamanda inşaat sektorunun canlandırılması baxımından vacib hesab olunur”.