Onlar bununla bağlı bu gün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcəklər
Məlum olduğu kimi, bütün dünyada, o cümlədən Azərbaycanda koronavirusla mübarizə istiqamətində ciddi addımlar atılır. Bu məqsədlə artıq neçə gündür Azərbaycanda karantin elan edilib. Dünəndən isə bu prosesə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgər və zabitləri də qoşulub. Əsgərlər polislərlə bərabər karantin rejiminin qorunmasında iştirak edir. QAZİLER.AZ saytı xəbər verir ki, bununla bağlı “Qarabağ qaziləri“ ictimai birliyindən maraqlı bir təklif gəlib. Bunu sayta Qarabağ qaziləri birliyinin sədri Asəf Əliyev bildirib:“Bəşəriyyəti bürümüş bu bəlaya qarşı bütün dünya, eyni zamanda Azərbaycan ən sərt tədbirlər görür. Bildiyiniz kimi, artıq Azərbaycanda xüsusi karantin rejimi qüvvəyə minib. Bu işi müvafiq dövlət qrumları ilə yanaşı polislər və daxili qoşunların əsgərləri, zabitləri həyata keçirir. Birliyimizdə bu məsələ video konfrans şəkilində müzakirə edilib. Qərar alınıb ki, keçmiş döyüşçülər də - sağlamlığı imkan verən Qarabağ Qaziləri xüsusi karantin rejimində polisə və əsgərlərə dəstək ola bilər. Biz polislər və əsgərlərlə birgə xüsusi karantin rejimi dövründə onlarla birgə təmənnasız olaraq xidmətdə ola bilərik. Bununla bağlı bu gün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcəyik. Düzdür, yetərincə polis və əsgərimiz var ki, yüksək səviyyədə bu işləri həyata keçirsin. Amma bizlər kənarda qala bilməzdik. Qarabağ qaziləri həmişə dövlətə, dövlətçiliyə bağlı insanlardır. Ağır gündə də, xoş gündə də həmişə dövlətimizin yanında olmuşuq. Bu gün dövlətimiz və millətimiz üçün ağır günlərdir. Ona görə də qərara aldıq ki, öz köməkliyimizi təklif edək.” – deyə, A.Əliyev bildirib.
QAZİLER.AZ