Batur Emin Akyel: Başda Aprel döyüşlərinin şəhidləri olmaqla bütün şəhidlərə olan borcumuzun bir hissəsini bu serial vasitəsilə ödəyə bilmək imkanımız olduğu üçün çox şadam.
Sabahdan etibarən İctimai TV-də 2016-cı ilin Aprel döyüşlərindən bəhs edən serialın nümayişi başlayır. Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin, əsgər və zabitlərinin göstərdiyi şücaət əsasında ssenariləşdirilən "4 gün" adlı ekran işinin çəkilişləri döyüşlərin reallaşdığı ərazilərdə aparılıb.Qazilər.az bildirir ki, bunu "Yeni Azerbaycan"a filmin rejissoru Batur Emin Akyel deyib.
"Məlum olduğu kimi 2016-cı ilin Aprel döyüşləri tarixə Azərbaycan əsgərlərinin şücaəti, Azərbaycan Ordusunun qələbəsi ilə düşüb. Lakin ermənilər hər məsələdə olduğu kimi, bu məsələdə də manipulyasiya etməyə cəhd göstərirlər. Məhz bu məqsədlə də, yəni, həmin döyüşlər barədə beynəlxalq ictimaiyyətə yanlış məlumat ötürmək üçün ermənilər hətta bir-iki film də çəkiblər. Biz də belə qərara gəldik ki, 2016-cı ilin Aprel döyüşləri haqqında əsl həqiqətlərdən, bu döyüşlərin gercək qəhrəmanlarından bəhs edən bir film çəkək" deyən Batur Emin Akyel İTV-nin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə layihəsi olan "4 gün" serialının çəkilişi ilə bağlı Aprel döyüşlərində iştirak etmiş bir çox hərbçilərlə söhbətlər aparıldığını, bu məsələdə xüsusi olaraq generallar Hikmət Həsənovun və Mayis Bərxudarovun böyük dəstək verdiklərini deyib.
Serialın gələcəkdə Türkiyə başda olmaqla bir sıra xarici ölkədə nümayiş etdirilə biləcəyini söyləyən rejissorun sözlərinə görə, çəkilişlər üçün Türkiyədən də texniki heyətin dəvət olunduğu filmin bütün aktyorları azərbaycanlılardır:"Serialın texniki və aktyor heyəti gecə-gündüz bilmədən tam məsuliyyətlə çalışdı. Təbii ki, zəhmətimizə dəyərli tamaşaçılar qiymət verəcək. Amma başda Aprel döyüşlərinin şəhidləri olmaqla bütün şəhidlərə olan borcumuzun bir hissəsini bu serial vasitəsilə ödəyə bilmək imkanımız olduğu üçün şəxsən mən öz adıma çox şadam".