Bu ilin may ayında Azərbaycanda əhali arasında 43 qida zəhərlənməsi hadisəsi baş verib.QAZİLER.AZ saytı xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu hadisələr nəticəsində ümumilikdə 60 nəfər zərər çəkib. Ötən ay ölkədə botulizm hadisəsi qeydə alınmayıb.
Səhiyyə Nazirliyi tərəfindən yalnız may ayı ərzində sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 52 müəssisənin sahibi inzibati qaydada cərimələnib. 20 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib.
Ötən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 278 yeyinti məhsulundan nümunə götürülüb və 2 qeyri-kafi nəticə əldə olunub. Mikrobioloji məhsullardan 204 nümunə yoxlanılıb və qeyri-kafi nəticə aşkarlanmayıb.
Soyuq qəlyanaltılardan nümunələr götürülməyib. Ötən ay ərzində şadlıq evlərindən, iaşə müəssisələrindən 685 yaxma nümunəsi götürülüb və aparılan yoxlamalar nəticəsində qeyri-kafi nəticə aşkar edilməyib.