Azərbaycanın mədəniyyət ocaqları avropalı turistlərə nə vəd edir? -REPORTAJ

Azərbaycanın mədəniyyət ocaqları avropalı turistlərə nə vəd edir? -REPORTAJ backend

Bir neçə saatdan sonra “Bakı-2015” I Avropa Oyunlarına start verilir. Ölkəmizdə 17 günlük bu möhtəşəm tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün bütün işlər yekunlaşıb.

Azərbaycanında demək olar ki, bütün sahələrdə Avropa Oyunlarına ciddi hazırlıq gedir. Mədəniyyət ocaqları da hazırlıqları tamamlayanlar sırasındadır. İyunda mədəniyyət ocaqları gücləndirilmiş iş rejimində çalışacaq. Onlar ölkəmizə gələn turistlərin asudə vaxtlarının xoş keçməsi üçün əllərindən gələni edəcəklər. Bunun üçün xüsusilə paytaxt teatrlarında repertuarlar bir qədər dəyişdirilib.

Akademik Milli Dram Teatrının rəhbəri İsrafil İsrafilov deyir ki, Avropa Oyunları günlərində gərgin qrafiklə çalışacaqlar. Qrafikə uyğun olaraq repertuarda olan yüksək bədii səviyyəyə malik, tamaşaçı rəğbəti qazanmış səhnə əsərlərinə üstünlük verəcəklər.

">

"Nəzərdə tutulan tamaşaları biz rus və ingilis dillərində subtitrlərlə tərcümə edərək verəcəyik. Əlavə olaraq bir sıra tamaşaların proqramları rus və ingilis dillərində annotasiyalarla daxil edilib. Bütövlükdə isə biz klassikanı - istər müasir dramaturqlarımızın əsərlərini, istərsə də Avropa klassiklərinin əsərlərinin, müxtəlif rejissorlar tərəfindən hazırlanan tamaşaların təqdimatını həyata keçirəcəyik".

Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov bizimlə söhbətində dünyanın diqqət mərkəzində olan I Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanın yüksək nüfuzunu daha da artıraraq ölkəmizin siyasi, mədəni, ictimai və sosial həyatında olduqca əhəmiyyətli hadisə kimi tarixə düşəcəyini qeyd edib: "Teatrımıza təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün cari repertuarımızda olan tamaşaların ingilis dilinə tərcümə olunub, səhnədəki qurğu ilə titrlər vasitəsilə ötürülməsi təmin ediləcək. Artıq teatrın cari ilin iyun ayı üçün nəzərdə tutulmuş repertuarı tərtib edilib. Repertuarda Azərbaycan və dünya klassiklərinin, eləcə də müasir yazarların əsərləri yer alıb”.

Teatr rəhbəri deyir ki, qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasının da ən gözəl nümunələri - Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri Cadu”, Hüseyn Cavidin “Şeyx Sənan” kimi sanballı səhnə əsərlərini də təqdim edəcəklər.

Opera və Balet Teatrı da digər mədəniyyət müəssisələri kimi, iyun ayının sonunadək dinamik iş rejimində çalışacaq. Teatrın repertuarında "Yeddi gözəl", "Kənd namusu", "Leyli və Məcnun", "İl tabarro", "Traviata", "Jizel" və digər tamaşalar olacaq.

Paytaxtın bütün muzeyləri də I Avropa Oyunları ilə əlaqədar olaraq iyunun 1-dən ikinövbəli iş rejimində çalışır və bu proses iyunun 30-dək davam edəcək.

Muzey Mərkəzində "Bakı-2015"ə həsr olunan "Avropa haqqında düşüncələr" adlı sərgi, eləcə də Səttar Bəhlulzadə adına Qalereyada "Zamanın rəngləri" adlı sərgi də maraq ziyarətçilərin marağına səbəb olur.

Muzey Mərkəzinin inzibatçı məsləhətçisi Leyla Əliyeva deyir ki, hazırda Muzey Mərkəzində "Avropa Azərbaycan rəssamların gözü ilə" adlı sərgi keçirilir. Sərgi ayın 10-dan 15-nə kimi davam edəcək. Saat 11-dən axşam sat 22-yə kimi qonaqların ixtiyarında olacaq. Bundan başqa, Muzey Mərkəzinin foyesində müxtəlif milli suvenirlər gələn qonaqlara nümayiş olunacaq.

Mayın 15-dən etibarən Atəşgah Qoruğu Muzeyində yeni açılan ekspozisiya Avropa Oyunları başa çatanadək davam edəcək. Xarici turistlərin rahatlığı üçün Qoruğa xüsusi marşrutlar ayrılıb.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildiriblər ki, Bakıda fəaliyyət göstərən bütün muzeylər, tarixi və mədəniyyət obyektləri turistlərin gəlişinə tam hazırdır. Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti yüksək səviyyədə təbliğ olunur. Muzeylərin iş saatı səhər saatlarından axşam saat 22:00-dək uzadılıb.

Beləliklə, ölkəmiz I Avropa Oyunlarına idman sahəsində olduğu kimi, mədəniyyət sahəsində də yüksək səviyyədə hazırdır.
Diaspora