Tərtər rayonunun inzibati ərazi vahidində yerləşən Talış kəndi 2016-cı ilin aprel döyüşləri zamanından bütün Azərbaycanda məşhurlaşıb.
O zaman cəbhə xəttindəki bu kənd uğrunda gedən qanlı döyüşlər hər iki tərəfin itkilər verməsilə nəticələnmişdi. 2 aprel 2016-cı il tarixində Talış kəndinin ətrafındakı strateji yüksəkliklər Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı düşməndən tam geri alındı.Sonrakı günlərdə Talış kəndində yaşayan erməni ailələri kəndi tərk edərək Ermənistana qaçdı. Məlumata görə, atəşkəs elan olunandan sonra 370 erməni Talış kəndindən gedib.
2016-cı ilin sonunda erməni rəhbərliyi kənddən qaçaraq Dağlıq Qarabağın və Ermənistanın müxtəlif yerlərində məskunlaşmış erməni ailələrinin Talışa qaytarılması üçün tədbirlər görməyə başlayıb. Belə ki,Talış kəndinin Azərbaycan Ordusu ilə təmas xətti istiqamətində atəşdən qorunmaq üçün sədlər çəkilib
2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri Talış kəndinin ətrafındakı strateji yüksəklikləri ələ keçirmək məqsədilə təxribat törədib. Lakin Azərbaycan Silahlı Qüvvələri onların qarşısını alıb, düşmənin pilotsuz uçuş aparatı məhv edilib.
Hazırda Talışın şimal yüksəklikləri Azərbaycan Ordusunun nəzarətindədir, cənub isə tərəfi isə ermənilərdə. Kəndin özü Azərbaycan Ordusunun müşahidə və atəş nəzarətindədir.
Atəşkəsə riayət olunduğundan, kənddə az sayda erməninin yaşadığı barədə məlumatlar var.
Goranboyun və Tərtəri birləşdirən nöqtəsidində yerləşən Talış kəndi kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi.
1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. O zaman Talış kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biri oldu.
Qeyd edək ki, Talış kəndi birinci Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub.
1992-ci ildəki Ağdərə əməliyyatı zamanı (iyunun 16-da) Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun 1-ci Goranboy batalyonu və komandir Nazim Bayramovun tank batalyonu (ümumilikdə 8 tank) tərəfindən Tapqaraqoyunlu istiqamətindən həyata keçirilən birgə sürətli hücum nəticəsində kənd erməni işğalçılarından azad edilib. Həmin döyüşlərin iştirakçısı olmuş keçmiş hərbçilərin dediyinə görə, 1992-ci il iyunun 16-da keçirlimiş əməliyyat zamanı Talışda düşmənin təxminən iki batareya artilleriya (qrad və D-30) silahı, tank və BMP-ləri ələ keçirilib.
O zaman hücum zamanı Azərbaycan Ordusunun cəmi 1 əsgəri yaralanıb.
Təəssüf ki, 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına ala bildilər.
Modern.az saytı 1992-ci il iyunun 16-da keçirlimiş əməliyyat zamanı Talışın azad edilməsini göstərən fotoları təqdim edir: