Qarabağ qazilərindən koronavirusla mübarizəyə dəstək – Pensiyalarından Fonda pul köçürəcəklər

Qarabağ qazilərindən koronavirusla mübarizəyə dəstək – Pensiyalarından Fonda pul köçürəcəklər backend

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Fərman ilə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Həmin Fonda Prezidentin fondundan 20 milyon manat vəsait keçirilib.

Bundan sonra “Qarabağ qaziləri” ictimai birliyi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna, imkanları daxilində vəsait köçürmək qərarına gəlib. Bunu Qaziler.az saytına açıqlamasında birliyin sədri Asəf Əliyev deyib: “Hazırda dünyada geniş yayılmış və insanlıq üçün böyük təhlükəyə çevrilmiş koronavirusla bağlı Azərbaycan dövləti də qabaqlayıcı tədbirlər görür. Ölkəmizdə bu virusun qarşısının alınması məqsədi ilə çox böyük təbliğat işi gedir. Biz də öz növbəmizdə internet resurslarında yaratdığımız qruplar vasitəsi ilə Qazilər arasında təbliğat işlərini aparırıq. Eyni zamanda, Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Və həmin Fonda Prezidentin fondundan 20 milyon manat vəsait keçirilib. Bu addımlar Qarabağ qaziləri tərəfindən yüksək qiymətləndirilib. Artıq bizə Qazilər tərəfindən müəyyən təkliflər də gəlməkdədir. Bunlardan biri də Qarabağ qazilərinin də öz pensiyalarından, müəyyən qədər, imkan daxilində Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürmək təklifidir. Təşkilat olaraq təklifi yüksək qiymətləndiririk və sözügedən fonda öz pensiyalarımızdan müəyyən vəsait köçürəcəyik. Düzdür, bizim maliyyə imkanımız çox deyil. Dövlətimizin bizim bu köməyə ehtiyacı yoxdur. Bu, əslində bizim tərəfimizdən xalqımıza, dövlətimizə mənəvi, simvolik dəstəyimizi ifadə edir. Bu ağır günlərdə xalqımızla bir yerdə olduğumuz nümayiş etdirmək və gücümüz çatan qədər köməklik göstərmək məqsədi ilə bütün Qazilərimizi bu işdə aktiv olmağa çağırırıq.”

QAZİLER.AZ