“Qaziler.az” saytı “525-ci qəzet”lə birgə “Qazi taleyi” adlı yeni layihəyə start verdi
Azərbaycan torpaqlarının müdafiəsi zamanı döyüşlərdə sağlamlıqlarını itirən qazilərlə görüşlər keçiriləcək, onlar haqqında yığcam bioqrafik məlumatlar toplanacaq və saytda veriləcək, yazı paralel olaraq “525-ci qəzet”də də çap ediləcək. Burada məqsəd həm qazilərin şəxsi həyatı, onların hər birinin döyüş yolu barədə cəmiyyətə qısa məlumat verməkdir. Əslində, hər bir qazi haqqında geniş, maraqlı yazılar olmalıdır. Belə böyük həcmli yazılar zaman-zaman mətbuatda yazılıb və yenə yazılacaq. Amma biz bu layihədə obrazlı, pafoslu ifadələrdən uzaq, yığcam, qazinin bioqrafiyasını hazırlayıb insanlara təqdim edəcəyik. Bununla həm də Azərbaycan qazilərinin vahid bir məlumat bazasının yaratmış olacaq və Qarabağ uğrunda döyüşlərdə oddan-alovdan keçmiş, indi başı gündəlik qayğılara qarışmış müharibə adamlarının unudulmamasına çalışacağıq. İnşallah, bu layihəni uğurla başa çatdırarıq.Layihənin rəhbəri Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan peşəkar zabit Nazim Bayramovdur. İlk yazını oxuculara təqdim edirik.
Maviddin Pakiddin oğlu Əlisultanov
1974 il martın 18-də Qusar rayonun Gedəzeyxur kəndində anadan olub. Yeniyetmə yaşlarından Maviddin hərbiyə maraq göstərir, “Zarnitsa” və “Orlenok” hərbi-idman oyunlarının dəfələrlə qalibi olub.
1992-ci ildə Maviddin müddətli hərbi xidmətə çağırılıb, Bakıda artilleriya hərbi hissəsinə düşüb. Bir müddət xidmət edəndən sonra o, cəbhəyə yollanmaq üçün komandanlığa raportla müraciət edir. Lakin raportun baxılması uzandığına görən Maviddin həmkəndlisi, 701-ci briqadanın kəşfiyyat rəisi, peşəkar hərbçi Bəhram Ağakişiyevə cəbhəyə yollanmaq xahişi ilə müraciət edir. Özü də bir neçə dəfə.

Bəhram Ağakişiyev
Qeyd edim ki, Bəhram Ağakişiyevlə iki qardaşı Eyvaz və İlyas da çiyin-çiyinə döyüşürdülər (İlyas Qərb sərhəd bölgəsində). Nəhayət, Bəhram Ağakişiyevin vasitəsi ilə Mavəddini 701-ci briqadanın kəşfiyyat bölüyünə götürürlər.
O, Laçın, Kəlbəcər, Ağdərə istiqamətlərində bir çox kəşfiyyat-diversiya əməliyyatlarında və döyüşlərdə iştirak edir. 1993-cü ilin fevralında Ağdərə istiqamətində gedən ağır döyüşlərdə Maviddin yaralanır. Müalicədən qayıdandan sonra xidməti davam etdirir, 1996 ilin iyununda ordu sıralarından tərxis olunur.
Həmsöhbətim, hazırda ehtiyatda olan polkovnik-leytenant Bəhram Ağakişiyev Maviddini qorxmaz, nizam-intizamlı, bacarıqlı kəşfiyyatçı, döyüşçü kimi xarakterizə edir.
M.Əlisultanov ikinci qrup Qarabağ qazisidir, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür.
Hazırda Qusar-Bakı avtobusunda sürücü işləyir. Maviddin torpaqlarımızın azad olunması üçün hər an cəbhəyə yollanmağa hazır olduğunu bildirir.
Ailəlidir, dörd övladı var. Oğlu, ali savadlı Tofiq Əlisultanov atasının yolunu davam etdirərək, hərbi xidməti cəbhənin Xocavənd istiqamətində keçib.


                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
