MÜBARİZ MƏNSİMOVDAN MESAJ VAR!

MÜBARİZ MƏNSİMOVDAN MESAJ VAR! backend

Azərbaycanlı milyarder, xeyriyyəçi, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bu gün İstanbul Məhkəməsinin qərarı ilə həbs edilərək göndərildiyi cəza evindən vəkilləri vasitəsilə mediaya açıqlama ünvanlayıb.

Axar.az xəbər verir ki, açıqlamada M.Mənsimov bir neçə aydır barəsində tərtib edilən kompramatlarla üz-üzə qaldığını bildirib.

“Məni FETÖ/PDY silahlı terror təşkilatı ilə əlaqələrdə ittiham edirlər. Bunu düzüb-qoşan şərəfsizlər 2017-ci ildə də eyni ittihamla məni vurmaq istədilər. 2017-ci ildə haqqımda başladılan istintaqda hər şeyi incələdilər və 2019-cu ildə FETÖ/PDY ilə heç bir əlaqəmin olmadığı sənədlərlə ortaya qoyularaq, haqqımda başladılan istintaqa xitam verildi.

Həyatım boyu Azərbaycan və türk xalqı üçün çalışdım. Türk milliyyətçiliyim hər şeydən öndə gəldi”, - M.Mənsimov qeyd edib.

“Palmali” rəhbəri bildirib ki, bəzi neft şirkətlərinə qarşı başlatdığı və Londonda davam edən hüquqi proseslər var:

“O məhkəmə proseslərində qazanacağımı anladıqları üçün bu oyunları quraraq məni çəkindirməyə, qorxutmağa və məhkəmə çəkişmələrindən imtina etməyimə çalışırlar.

İş adamı olmağımı bir yana qoyun, bir ailənin evinə səhər tezdən basqın edib, 18 yaşlı qızımın yatdığı otağına belə girməyi özlərinə rəva görürlər.

Mənim Allahdan başqa kimsədən qorxum yoxdur, bunu hər kəs bilsin. Mənə edilən, haqqımda düşmənçiliklə aparılan bu istintaq bütövlükdə əvvəlcədən qurulmuş oyundan ibarətdir. Bunu mənə edənlərin kim olduqlarını bilirəm və hamısının necə pis işlər içində olduqları sənədlərlə, bir-bir ortaya qoyulacaqdır, buna kimsənin şübhəsi olmasın!

Mənə qarşı edilən hüquqdankənar addımlara etiraz olaraq hazırda aclıq elan etmişəm, yemək yemirəm və su içmirəm, dərmanlarımı belə atmıram. Az öncə əməliyyat olunmama və hələ müalicəmin davam etməsinə, doktorlarımın bu mövzuda məruzələrinə rəğmən, məni gözaltına alıb, iki gün saxladılar və indi heç bir dəlil-sübut olmadan həbs qərarı çıxarıb, cəzaçəkmə müəssisəsinə göndərirlər.

Belə çirkin bir ləkə ilə yaşamaqdansa, şərəfli bir ölümü seçib, özümü Allaha təslim edirəm. Haqq və ədalət gec-tez yerini tapacaqdır. Allah hamınızın yar və yardımçısı olsun”.

Qeyd edək ki, Mübariz Mənsimov 15 martda istanbul polisi tərəfindən saxlanılıb. Onun evində və ifisində axtarış aparılıb. Bu gün isə M.Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

M.Mənsimov FETÖ-nun yüksək vəzifəli şəxsləri ilə əlaqələrdə ittiham olunur.
Diaspora