Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu, Torpaq çərşənbəsi qeyd olunur.
Qaziler.az xəbər verir ki, bu çərşənbə el arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi adlandırılır. İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.İlaxır çərşəbədə küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır.
Torpaq çərşənbəsində bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılaya bilərsən. İlaxır çərşənbə axşamı qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdən də, axır çərşənbə axşamı ancaq yaxşı sözlər danışılması adət hesab olunur.
Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir. Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarım kürəsiə Yaz fəsli daxil olur.
Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət var. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir.
2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Eyni zamanda iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Beləliklə, bu il 20-28 mart tarixlərində (9 gün) iş olmayacaq.



