Bu gün Prezident İlham Əliyev Yaponiyaya yeni səfir təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.Azvision.az xəbər verir ki, Gürsel İsmayılzadə 1971-ci ilin yanvarın 15-də Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub.
1992-93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib.
1996-cı ildə XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph.D.) qəbul olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə səfirliyin müşaviri vəzifəsinə təyin edilib.
2010-11-ci illərdə Xarici İşlər Nazirliyi İkinci (Şərq) Ərazi İdarəsinin müşaviri, nazirin katibliyinin müdiri və nazirin köməkçisi vəzifələrində çalışıb.
16 avqust 2011-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Dövlət başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bu gün Gürsel İsmayılzadəni yenidən Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
Diplomat ingilis, yapon, rus, ərəb dillərini bilir. Evlidir, bir övladı var. Səfir görkəmli alim Qüdrət Seyfulla oğlu İsmayılzadənin oğludur.