Keçmiş məhkəmə hakiminə 32 min manat ziyan dəydi - Foto

Keçmiş məhkəmə hakiminə 32 min manat ziyan dəydi - Foto backend

Uzun illər məhkəmə hakimi, hazırda isə vəkil işləyən Nüşabə Fərman qızı Ağayeva ağır yol qəzası keçirib.

“Yenisabah”ın əldə etdiyi məlumata görə, hadisə ötən il Abşeron rayonu, Novxanı-Mehdiabad avtomobil yolunda qeydə alınıb. Belə ki, Mikayılov Araz Ağalar oğlu idarə etdiyi 59-BE-425 dövlət qeydiyyat nişanlı “Mersedes-Benz” markalı avtomobili Abışov Novruz Bəkir oğlunun idarə etdiyi 99-GS-689 dövlət qeydiyyat nişanlı “Mersedes-Benz” markalı avtomobilin arxa sağ tərəfindən vurmuş və zərbədən həmin avtomobil əks yolda Novxanı qəsəbəsi istiqamətində hərərkətdə olan Vəliyev Şirzad Vəli oğlunun idarə etdiyi 90-ON-186 dövlət qeydiyyat nişanlı “Hundai Tucson” markalı avtomobilin qarşısına qəfil çıxaraq qarşı-qarşıya toqquşmuşdu. Nəticədə “Hundai Tucson” markalı avtomobilin sürücüsü Şirzad Vəliyev və həmin avtomobildə sərnişin qismində olan Nüşabə Ağayeva, həmçinin Novruz Abışov müxtəlif bədən xəsarətləri alıblar, avtomobillər isə tamam yararsız hala düşüb.

Baş vermiş faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanıb. Təyin olunan ekspertizalar nəticəsində müəyyən edilib ki, Novruz Abışovun avtomobilinə 11445 manat, Şirzad Vəliyevin idarə etdiyi avtomobilə isə 12509 manat ziyan dəyib. İttiham aktında da göstərilib ki, təyin olunan ziyan qəzanı törətməkdə təqsirli bilinən Mikayılov Araz Ağalar oğlu tərəfindən ödənilməlidir. İstintaq bitdikdən sonra iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Şövkət Nəcəfovanın icraatına verilib.

Qeyd edək ki, məhkəmə istintaqı zamanı müxtəlif bədən xəsarətləri alan Nüşabə Ağayeva hadisəni törətməkdə təqsirli bilinən Araz Mikayılova qarşı ona dəymiş maddi və mənəvi ziyana görə 20 min manatlıq mülki iddia qaldırıb. Ancaq Araz Mikayılov istintsq orqanının gəldiyi nəticə ilə razılaşmayaraq təkrar avtotexniki ekspertizanın təyin olunması üçün vəsatət verib. Hakim təqsirləndirilən tərəfinin vəsatətini təmin edərək təkrar avtotexniki ekspertiza təyin edib. Hazırda məhkəmə prosesi davam edir və zərərçəkənlərə heç bir ziyan ödənilməyib.
Diaspora