Prezident bələdiyyələrlə bağlı qanunu təsdiqlədi

Prezident bələdiyyələrlə bağlı qanunu təsdiqlədi backend

Prezident İlham Əliyev "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunu təsdiqləyib. Lent.z-ın məlumatına görə, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, bələdiyyə qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini, habelə həmin qayda və prinsiplərə əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Qanunun 2-ci fəsli etik davranış qaydaları ilə bağlıdır. Burada qeyd edilir ki, bələdiyyə qulluqçularının fəaliyyəti insanların hüquq və azadlıqlarının, qanuni maraqlarının təmin olunmasına (qorunmasına) xidmət etməlidir. Həmçinin bələdiyyə qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

11-ci maddə isə korrupsiyanın qarşısının alınması ilə bağlıdır. Maddədə deyilir: Bələdiyyə qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, bələdiyyə qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər bələdiyyə qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməlidir və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər bələdiyyə qulluqçusunun qulluq keçdiyi bələdiyyə orqanına akt üzrə təhvil verilməlidir.

Bundan başqa bələdiyyə qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya belə təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya belə mükafat təəssüratı yaradan hədiyyələri özü və digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Diaspora