Bakı Şəhər İcra Hakimiyyətinin(BŞİH) başçısı və meri vəzifəsini icra edən professor Hacıbala Abutalıbovun söküntü şousu davam edir. Sözügedən görəvinə elə söküntü ilə başlayan başçı ilk çağlarda Qarabağ əlilləri və şəhid ailələrinə sələfi Rəfail Allahverdiyevin ayırdığı köşkləri uçurmaqla qarğış yiyəsi oldu. Həmin “əlil köşkləri”nin yerində iri çinli məmurların ata-analarının, qohumlarının adına iri obyektlər özəlləşdirildi. Aztəminatlı vətəndaşların qanuni tələblərinə isə BŞİH-in memarlıq və şəhərsalma baş idarəsinin rəisi vəzifəsini icra edən Akif Abdullayevin, onun tikinti planlaşdırma idarəsinin rəisi vəzifəsini icra edən Şahlar Zeynalovun imzaları ilə qadağa qoyuldu ki, BŞİH başçısının əmri ilə qanunların icrasına qadağa qoyulub(??). Yalnız iri obyektlərin tikintisinə icazə verilir ki, ona da icazə almağa əlil, köçkün, şəhid ailələrinin imkanı çatmaz.
...İş o yerə çatdı ki, dövlət sifarişi ilə əlil və şəhid ailələri üçün tikilən evlərin də yüksək səviyyədə zəbt olunmasına başlanıldı. Nərimanov rayonunda 2009-cu ildə Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilən 36 mənzilli, 4 mərtəbəli bina - “Əlillər evi” dövlət tərəfindən necə zəbt edildisə, yazıq Qarabağ əlilləri və şəhid ailələri şikayət etməyə də macal tapmadılar. Kimə desinlər? Prezidentə müraciət edilir, cavabdehliyi hökumətin daşıdığı bildirilir.Fikir verin, evin heç kanalizasiyası da çəkilməyib, qaz verilməsi 2013-cü il prezident seçkiləri ərəfəsində namizədlərin buraya dəvət ediləcəyi təhlükəsindən sonra gerçəkləşdi. Heç açılış da dövlətin 1-ci şəxsi xaricdə səfərdə olanda edildiyindən, zəbtolunma qanuniləşdirildi.
QARABAĞ ƏLİLLƏRİNİN EVİNİ ZƏBT EDƏN OBYEKTLƏR NECƏ ÖZƏLLƏŞDİRİLİB?
İndi baxın, “Əlillər evi”ni zəbt edən villaların mülkiyyət sənədi var, amma əlillər evi hələ də bağlantılı qurumların ötür-ötür oyununa dönüb. Ombudsman evin tikilərkən zəbt olunduğunu etiraf edərək, tikintinin davam etdirilib başa çatdırıldığını və kanalizasiyasının da işlək vəziyyətdə olduğunu bildirib. Maraqlıdır, olmayan kanalizasiya necə işlək vəziyyətdə ola bilər? 36 sotluq torpaq sahəsi bir gündə işğal olunmayıb ki? Bu evin nə həyəti var, nə bir ağacı var, nə uşaqların oyun yeri, nə də əlillərin istirahət yeri var. Layihədə isə hamısı əks olunub. Heç evə gəlməyə piyada yolu, keçməyə keçid də yoxdur. Hətta dövlət qurumunun qoyduğu dayanacaq köşkünü də gecə ikən işğalçılar aradan götürüblər. “Şəki” restoranının yanından ya yerüstü, ya da yeraltı piyada keçidinin tikilməsini təklif edən sakinlərə cavab olaraq qarşı tərəfdə zəncirlə yolu kəsiblər ki, ümumiyyətlə əlillər keçə bilməsin!(??) Belə özbaşınalıq olar?..
“Əlillər evi”ni zəbt edən obyektin yiyəsi aradakı balaca yerdə də özünə əlavə tikili tikib, olmayan həyət maşın dayanacağına çevrilib. Nə polis, nə prokurorluq, nə də məhkəmə tədbir görmür. Daha doğrusu, evin yüksək səviyyədə zəbt olunması onlara mane olur. Təsəvvür edin, Nazirlər Kabinetinin İşlər İdarəsinə aid 10-AA-288, 10-PP-288 saylı maşınlar hər gün obyektdə keşik çəkir, obyektin yiyələrindən birinin BŞİH başçısının qardaşı, o birinin prezident mühafizəçisinin adamı olduğu deyilir. Kimin nə həddi var, oraya yaxın getsin. Bunların polisdə, məhkəmədə yüksək çinli qohumları da şikayətə baxılmasına əngəl olurlar.
KİV, hüquq müdafiəçiləri, deputatlar da susur. Heç indiyə kimi, sakinlər deputatlarının üzünü görmək bir yana, heç kimliyini də bilmirlər. Biri deyir Əli Əhmədov olub, o biri deyir Adil Əliyevdir, bir başqası da deyir Rasim Musabəyovdur. Hamısına da müraciət olunsa da, vəkillikdən imtina edilir. Yalnız ANS TV və “AZADLIQ” qəzeti işğal faktını açıb-ağardıb. Bu sətirlərin yazarı bir neçə dəfə Milli Şuranın o çağkı başçılarından biri kimi Müsavat partiyası başqanının köməkçisinə (o da hər dəfə “Yeni Müsavat” qəzetinə verdiyini bildirib), hüquq müdafiəçisi Aslan İsmayılova konkret sənədlərlə müraciət etsə də, nəinki “bomba”, heç “kokteyl” effekti də verməyib.
HACIBALA ABUTALIBOV ÖZ OBYEKTLƏRİNİ DƏ SÖKDÜRƏCƏK?
Qarabağ əlilləri və şəhid ailələri dövlətin himayəsindədir, ona görə də dövlətin tikdiyi evdə İNSAN kimi yaşamaq istəyirlər. Onlar villaların sökülməsini yox, evlərinin standarta uyğunlaşdırılmasını tələb edirlər. Bunun üçün Fövqəladə Hallar Nazirliyinin də etiraf etdiyi kimi, qanunsuz kommersiya obyektləri sökülməlidir. Ya da “Əlillər evi”nin özü qanunsuz sayılmalıdır. İndi söz BŞİH başçısınındır. Başçı öz obyektini sökəcəkmi?
Zurna-balabançıların pulunu əlillər də ödəyə bilər...
M.Bədəlli