Bu günlərdə saytımızda təqdim edilmiş “1991-ci ilin sonunda 366-cı alayın Ağdamdan keçib Azərbaycanı tərk etməsinə kimlər mane oldu?..” başlıqlı materialla bağlı 1-ci Qarabağ savaşı qaziləri, eləcə də o dövrün ictimai-siyasi xadimləri arasında müzakirələr davam edir.
Tanınmış jurnalist, “Qarabağ” qəzetinin baş redaktor müavini, 1990-cı illərin əvvəllərində də eyni nəşrin müxbiri kimi çalışmış Salman Alıoğlu Moderator.az-ın poçtuna yolladığı məlumatda maraqlı faktlar açıqlayıb.“...1990-cı illərin əvvəlində mən “Qarabağ” qəzetində işləyirdim. Necə deyərlər, hadisələrin episentrindəydik. Demək olar ki, hər gün Qarabağda faciə baş verirdi, ermənilər dinc insanları qətlə yetirir, azərbaycanlılar yaşayan kəndləri işğal edirdilər. Olayların xronologiyasını kifayət qədər xatırladığımdan mən də əminəm ki, bu işğal və qətliam proseslərində aparıcı rol oynamış 366-cı alayın guya Ağdamdan keçə bilməyərək geri qayıtması və ermənilərin bunu iki gün bayram etməsi kimi bir fakt olmayıb. Ola bilsin, hörmətli polkovnik Əzim Piriyevin “Yarımçıq qalmış “Ümid” əməliyyatı...” kitabında təsvir etdiyi məsələ həmin ərəfələrdə Ağdamın Muradbəyli kəndində baş vermiş olayın ona yanlış çatdırılması səbəbindən ortaya çıxıb...
O dövrlərdə Qarabağda, Ağdamda yaşamış adamlar hamısı yaxşı bilir ki, Muradbəyli kəndinin ərazisində keçmiş SSRİ-nin bir hərbi hissəsi və Uzundərə adlanan yerdə böyük hərbi bazası var idi. Yadımdadır ki, Ağdamdakı rus hərbi hissəsi şəhəri tərk edib gedəndə ermənilər Xankəndində iki gün bayram etdilər. Nədən?.. Ona görə ki, onlar yaxşı bilirdi ki, rus rusla, yəni Xankəndidəki 366-cı alayla Ağdamdakı hərbi hissə heç vaxt üz-üzə gələrək döyüşməyəcək və bu minvalla onların Qarabağa dair xain planları baş tutmayacaq. Ermənilər özləri isə qızlarını rus zabitlərinin qucağına ataraq həmin alayın Xankəndidən bir dəqiqə belə tərpənməsinə izn vermədilər...
Yaxın tarixi nə unutmağa, nə də təhrif etməyə heç birimizin haqqı yoxdur. Çünki unutqanlıq da, yanlış anlamalar da həmişə xalqımıza faciələr yaşadıb...”- deyə yazar fikirlərini tamamlayıb.



